Təbrizli rabitə işçiləri yenidən tətil elan edib
16.02.2025

Şərqi Azərbaycan əyalətinin Rabitə və Telekommunikasiya şirkətinin müqaviləli işçiləri fevralın 12-dən başlayan tətili fevralın 13-də də davam etdirib və növbəti dəfə etiraz aksiyası keçiriblər.

Bu barədə "İlna" xəbər agentliyi məlumat yayıb.

Şərqi Azərbaycan əyalətinin Təbrizdəki Mərkəzi Telekommunikasiya İdarəsinin qarşısına toplaşan etirazçılar əmək haqlarının ödənilməməsinə, siğorta və qanunla nəzərdə tutulmuş başqa hüquqlarının təmin olunmamasına etiraz ediblər.

2 gündür işi dayandıran narazı işçilər, illərdir rəsmi işçilərlərlə müqayisədə daha çox işləməklərinə baxmayaraq, əmək haqqı və müavinətləri arasında böyük fərq olduğununu deyiblər.

Narazı işçilər, rəhbərliyin onlarla görüşmədiyi və problemlərinin həlli ilə bağlı zəmanət verilmədiyi təqdirdə tətil və etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər.

"Müqavilə ilə işlədiyimiz üçün iş təminatımız yoxdur və istənilən vaxt qovula bilərik. 2 ildir problemin həlli və rəsmi işə götürüləcəyimiz barədə verilən vədlər yerinə yetirilməyib",- onlar əlavə ediblər.

Onlar hüquqlarının tələbi ilə bağlı etiraz aksiyaları keçirdklərinə görə, şirkət rəhbərliyinin işçiləri tərəfindən müqavilələrin ləğvi və işdən qovumaqla hədələndiklərini bildiriblər.

Visiontv.az