Tbilisidə Rəşid Behbudovun xatirəsi konsert proqramı ilə yad edilib
15.12.2021

Tbilisi Dövlət Konservatoriyasında dünya şöhrətli müğənni, Azərbaycan və SSRİ-nin Xalq artisti Rəşid Behbudovun anadan olmasının 106-cı ildönümünə həsr olunan konsert keçirilib.

Visiontv.az Report-a istinadən xəbər verir ki, qonaqlar öncə konsert zalının foyesində görkəmli ifaçının fotoşəkillərindən ibarət sərgiyə baxış keçiriblər.

Konsert “Arşın mal alan” filmindən fraqmentin nümayişi ilə başlayıb. Daha sonra “Melita” rəqs qrupunun ifasında “Arşın mal alan” rəqsi təqdim olunub. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin gənc musiqiçiləri Əməkdar artist Nərgiz Əliyevanın müşayiəti ilə müxtəlif musiqi nömrələrilə çıxış ediblər.
Xatirə konsertində gürcü müğənnilər - İamze Urumaşvili və Tedo Qoridze R.Behbudovun repertaurundan populyar mahnılar ifa ediblər. Azərbaycan dilində səslənən “Sənsiz” romansı, “Ey Vətən”, “Əziz dost”, “Nazəndə sevgilim” mahnıları böyük rəğbət və alqışlarla qarşılanıb. Tədbirdə R.Behbudovla tanışlığı olmuş Gürcüstanın Əməkdar incəsənət xadimi, “Metexi” rəqs teatrının direktoru və bədii rəhbəri Gelodi Potsxişvili və Gürcüstanın Yazıçılar, Elm adamları və İctimai xadimlərinin “Kaldea” Akademiyasının vitse-prezidenti Vaxtanq Qaçeçiladze görkəmli musiqi xadimi ilə bağlı xatirələrini bölüşüblər. Onlar R.Behbudovun bənzərsiz ifaçı olduğunu qeyd edərək Tbilisi şəhərində xatirə lövhəsinin quraşdırılmasını təklif ediblər.

Proqrama Həzrət Əzizlinin ifasında "Qarabağ şikəstəsi" ilə yekun vurulub. Xatirə gecəsi Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR şirkətinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə Azərbaycan səfirliyi və SOCAR-ın əməkdaşları, azərbaycanlı iş adamları, gürcü ziyalılar, azərbaycanlı icmanın üzvləri və gənclər iştirak ediblər.