Sülh sazişinin imzalanması qaçılmazdır
05.06.2023

Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Bu proses intensiv olsa da, Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yaranmışdı.

Visiontv.az xəbər verir ki, bunu ADA Universitetində jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O xatırladıb ki, beynəlxalq vasitəçilərin bilavasitə iştirakı ilə may ayında Vaşinqtonda görüş baş tutub və iki ölkənin müvafiq heyətləri arasında danışıqlar aparılıb.

"Daha sonra bu prosesin liderlər səviyyəsində davamı oldu, may ayı ərzində bir neçə görüş oldu. Ermənistan heyəti ilə bilavasitə sülh müqaviləsi üzrə danışıqlar bir günlük mərhələ üzrə Moskvada baş tutdu. Və yaxın zamanlarda yeni və növbəti görüşün Vaşinqtonda keçirilməsi nəzərdə tutulub. Bilirsiniz ki, sülh müqaviləsi üzrə danışıqların başlanması Azərbaycan tərəfinin təşəbbüsüdür, baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub. Beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə olunmasını qaçılmaz hesab edirik. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq mümkün deyil”, - nazir vurğulayıb.

Xatırladaq ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.