Sualım belə idi: Ermənistan son 30 ildə nə əldə edib?
02.12.2021

Gənclər siyasəti Azərbaycan dövlət siyasətinin təməl sütunlarından biridir. Gənclər Qarabağı görməsə də, torpaqların işğaldan azad olunmasında iştirak etdilər və tarix yazdılar. Azərbaycan gənclərinin bir çox sahələrdə aktiv rolu danılmazdır.

Visiontv.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 2-də ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda (“Peace4Culture” Partners Forum) sualları cavablandırarkən deyib.

“Yadımdadır ki, görüşlərin birində Ermənistan nümayəndələrinin birinə sual verdim. Sualım belə idi: Ermənistan son 30 ildə nə əldə edib? Sualın cavabı o oldu ki, heç nə.

Ermənistan və Azərbaycan gənclərinin gələcəkdə dialoqu görünür. Lakin bunun üçün etimad quruculuğu lazımdır.

Sülh canlı bir konsepsiyadır. Elə bir mühit olmalıdır ki, inkişafa təkan verməlidir. Sülhsüz inkişaf, inkişafsız sülh mümkün deyil. Sülh bütün müsbət amillərin bir araya gətirilməsidir. Azərbaycan və Ermənistan arasında dialoq görünür. Və biz bunu Cənubi Qafqazda gedən dəyişikliklər fonunda görə bilirik.

30 ilə yaxındır ki, sülh uğrunda mübarizə apardıq. Sülh ədalətli olmalıdır. Sülh istəyiriksə, mədəniyyət inkişafı üçün əvvəlcə əlverişli şərait olmalıdır. Sülhün olmaması fonunda mədəniyyət ən sonda gələ bilər. Təbii ki, mədəniyyətsiz sülh olmayacaq".

Axar.az