Sofi Loren Cina Lollobricitoya qarşı...
Sofi Loren Cina Lollobricitoya qarşı...
04.07.2022 MEDİA Tərəfindən

Hollivud aktrisaları arasında da çəkişmələr çox olmuşdu. Sofi Loren və Cina Lollobricito da bu sahədə məşhurlaşmışlar. Belə ki, bu iki qadın düz 42 il bir-birinə nifrət bəsləmiş, onların arasında "əsl müharibə" getmişdir.

Hər iki primadonna vaxtilə özlərinə rəğbətə görə İtaliyanı iki hissəyə bölmüşdülər. Onların ilk rəqabəti idman yarışına bənzəyirdi. Hər şey isə 1954-cü ildə Londonda keçirilən "Tivoli" kino festivalından başlamışdı. Festivalın təntənəli açılışından sonra kraliça Yelizaveta, əri Filip və bacısı Marqaret ən məşhur aktyorları kral sarayında nahar yeməyinə dəvət etdilər. Kraliça ailəsi ilə nahar etmək Cinaya nəsib oldu. Sofi isə bütün ömrü boyu Cinanın təntənə ifadə edən baxışlarını unutmadı. Bundan sonra onlar bir-birinə heç yaxın belə gəlmək istəmirdilər. Təntənəli axşamları çox sevən Cina, Sofi də həmin mərasimdə iştirak edirdisə, onu baxışları ilə süzməyi də yaddan çıxarmırdı. O, dostları ilə görüşmələrində belə ifadələr işlətməyi çox sevirdi: "Ah, həmin axşamda kimlər yox idi. Nəhayət ki, biçarə Sofini də ora dəvət etmişdilər" və s.

1956-cı ildə Cina "Trapesiya" filminin çəkilişi ilə əlaqədar Hollivuda yola düşdü. Bir il sonra prodüser Karlo Pontiyə ərə gedən Sofi də Hollivuda gəldi. O, böyük müvəffəqiyyətlə məşhur aktyorlar Keri Qrant, Entoni Perkins və Uilyam Xoldenlə birgə üç filmə çəkildi.

1960-cı ildə Sofi Cina üzərində yeni bir qələbə də qazandı. Kinorejissor De Sika Karlo Ponti ilə birlikdə Alberto Maravianın romanı üzrə "Çoçara" filmini çəkməli idilər. Baş rola görkəmli aktrisa Anna Manyani çəkilməli idi. Lakin o, yüksək qonorara baxmayaraq çəkilişdən imtina etdi. Rejissor bu rola ən yaxşı namizəd kimi Cinanı görürdü. Hətta Moravia da onu bəyənmişdi. Çəkiliş ərfəsində Ponti rejissorun yanına gələrək arvadını bu filmdə baş rola çəkilməsi razılığını əldə edə bildi. 1962-ci ildə bu roluna görə Sofi Loren "Oskar" mükafatını aldı.

Cina həmin anlarda göz yaşları içərisində boğularaq elə hey təkrar edirdi: "Mən ulduz olmaq üçün nə prodüserə ərə, nə də kiminsə köməyinə bel bağlamamışam."

Sofi Loren isə öz növbəsində ona "yanaraq" deyirdi: "Yazıq sinyora Cina, Oskarsız axı o necə yaşayacaq?"

"Çoçara" filmi Kann festivalında da böyük müvəffəqiyyət qazandı. Festivalda "Venera İmperiyası" filmində baş rola çəkilmiş Cina da iştirak edirdi. Sofinin mətbuat katibi Enriko Lukerini bu iki aktrisa arasında gedən rəqabətdən xəbərdar olduğu üçün öz şefinin şöhrətini daha da artırmaq qərarına gəldi. O, təntəbəli mərasimdə Cinanın ampir stildə çox qiymətli geyimdə olacağını öyrənir və Sofiyə sadə paltar geyməyi məsləhət görür. Sofi belə də edir. Sinyora Ponti festival keçirilən saraya daxil olduğu vaxt qeyri-adi hadisə baş verdi. Arxasında minlərlə pərəstişkar dayanmış şüşə divar büllur kimi çiliklənib sındı. Ertəsi gün bütün qəzetlər yazırdı: "Ən gözəl İtaliya aktrisası Sofi Loreni görməyə can atan pərəstişkarlar sarayın şüşədən olan divarını sındıraraq çilik-çilik etmişdilər."

Cina sonuncu sözləri çətinliklə "həzm" edə bildi. Lakin o da başqaları kimi bilmirdi ki, həmin şüşəni mətbuat katibi Lukerini smokinginin cibinə qoyduğu çəkiclə sındırmışdı. Lakin, aktrisalar arasında gedən uzunmüddətli müharibəyə onlara gələn təklif son qoyacaqdı. Paradoksa fikir verin: hər ikisinə eyni filmdə çəkilmək təklifi gəlir və filmin adı da nə olsa yaxşıdır? - "Ən yaxşı rəfiqə" ...

Vasif Ayan 

visiontv.az