Məsud Pezeşkianın Moskvada Vladimir Putinlə görüşü maraqlı bir məqama təsadüf etdi. Bu görüş London-Kiyev yaxınlaşması (Kir Starmer ilə Zelenskinin görüşü) və Bakı-Tiflis təmasları (İlham Əliyev-İrakli Kobaxidze görüşü) fonunda baş tutdu.
Pezeşkian və Putinin imzaladığı iki ölkə arasında 20 il ərzində münasibətləri formalaşdıracaq "İran-Rusiya Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında" Sazişi regionun geosiyasi arxitekturasını yenidən şəkilləndirmək məqsədinə xidmət edir.
Lakin Rusiya və İran artıq əvvəlkitək regionda dominant güc sayılmır. Onlar regiondakı proseslərə moderatorluq etmək imkanlarını çoxdan itiriblər. Çünki artıq regionda Azərbaycan-Türkiyə-Gürcüstan oxu boy göstərir. Həmçinin, yaxın gələcəkdə Azərbaycan-Türkiyə-Ermənistan oxu da formalaşdırıla bilər (əlbəttə əgər Nikol Paşinyan cürbəcür manevr və avantüralara son qoyub Azərbaycanla real sülhə imza atarsa).
O zaman Rusiya və İranın Cənubi Qafqazdakı proseslərə təsir imkanları daha da minimallaşdırılacaq. Bu isə Moskva və Tehranı ənənəvi toksik siyasətlərindən əl çəkib yeni reallıqlarla barışmağa və region ölkələri ilə konstruktiv əməkdaşlıq siyasəti yürütməyə məcbur edə bilər.
P.S.
Putin və Xamenei Rusiya və İranın bölgədəki tarixi ağalıq iddiaları dövrünün başa çatması gerçəkliyi ilə və "parçala və hökm sür" taktikasının artıq işləmədiyi faktı ilə hesablaşmalıdırlar.
Bəybala Mirzəyev
visiontv.az