"Sərhədkeçmə prosesləri sürətləndiriləcək"
19.01.2022

Dövlət Gömrük Komitəsi ilə İcbari Sığorta Bürosunun elektron sistemlərinin inteqrasiyası sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük məntəqələrində “Yaşıl Kart”ın etibarlılığının elektron formatda müəyyən edilməsinə şərait yaradacaq.

Visiontv.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov bu gün DGK və İcbari Sığorta Bürosu (İSB) arasında “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiyanın tamamlanması münasibətilə keçirilən mətbuat konfransında bildirib.

"Bu da gələcəkdə baş verəcək sığorta hadisələri zamanı proseslərin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır", - İ. Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində bütün sahələrdə olduğu kimi, dövlət və özəl sektorla məlumat mübadiləsi sahəsində də mühüm işlər görülüb: "Artıq bir sıra dövlət qurumları ilə sistemlərin qarşılıqlı olaraq inteqrasiya edilməsi həyata keçirilib ki, bu da sənədlərin və digər zəruri məlumatların onlayn qaydada mübadiləsinə imkan yaradıb.

Ötən illər əzində DGK tətəfindən “Smart Customs”, “Elektron növbə” və digər layihələr həyata keçirilib: “Bütün bu layihələrin həyata keçirilməsi sayəsində vətəndaşlar gömrük rəsmiləşməsini elektron qaydada rahat şəkildə həyata keçirə bilirlər. Bu sahədə artıq mühüm işlər görülüb. Artıq bir sıra dövlət qurumlarla elektron sənədlərin göndərilməsi və elektron sənəd mübadiləsini vaxt itkisinə yol vermədən imkan yaradılıb”.

Qeyd edək ki, “İcbari Sığorta Bürosu”nun Hüquqi Şəxslərin İttifaqının elektron informasiya sistemi ilə Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemi arasında “Yaşıl Kart” müqavilələrinin qüvvədə olub-olmamasının müəyyən edilməsi ilə bağlı məlumat mübadiləsi başa çatdırılıb. İnteqrasiya nəticəsində saxta “Yaşıl Kart”ların yayılması və istifadəsinin qarşısı alınacaq.

İSB-nin elektron informasiya sistemi ilə DGK-nın informasiya sistemi arasındakı məlumat mübadiləsi ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin ölkəni tərk etməmişdən öncə gömrük məntəqələrində “Yaşıl Kart”ın etibarlılığının elektron formatda müəyyən edilməsinə və proseslərin sürətləndirilməsinə xidmət edir.