SEPAH Əl-Qaidəyə dəstək verir: Əfqanıstan Birləşmiş Cəbhəsi
22.07.2024

İran hökuməti Taliban və Əl-Qaidə ilə gizli anlaşma əsasında Əl-Qaidənin Əfqanıstandakı düşərgələrində təlim keçir və bu təşkilatın bölgədəki terror əməliyyatlarını maliyyələşdirir.

Bu barədə Əfqanıstan Birləşmiş Cəbhəsi məlumat yayıb.

“2021-ci ilin oktyabr ayında SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani, Taliban hərəkatının nümayəndəsi və Əl-Qaidənin lideri Seyf əl-Ədl Tehranda gizli görüş keçirib, Yaxın Şərq və Afrikadakı Əl-Qaidə və SEPAH-a bağlı qrupların bütün qollarının bir-biri ilə əməkdaşlıq etmələri barədə razılığa gəldilər”, - məlumatda bildirilib.

Məlumata görə, bu gizli görüşdə Talibanın Əl-Qaidə döyüşçülərinin Əfqanıstanda yetişdirilməsi üçün lazımi məkan və vasitələrin təmin etməsi, SEPAH-ın isə bu qrupun xərclərini ödəməsi barədə razılıq əldə olunub.

Əfqanıstan Birləşmiş Milli Cəbhəsinin məlumatına görə, bu, SEPAH, Taliban və Əl-Qaidənin üç yüksək rütbəli rəsmisi arasında qeydə alınmış ilk üzbəüz görüş olub.

Qeyd edək ki, bundan əvvəl İran hökuməti ilə Əl-Qaidə arasında sıx əlaqə olduğuna dair məlumat yayılmışdı.

Cari ilin əvvəllərində ABŞ Dövlət Departamenti yazılı açıqlamasında da bu məsələyə toxunub.

"İran hakimiyyəti 2009-cu ildən Əl-Qaidəyə İrandan keçən əsas koordinasiya xətti vasitəsilə öz terror fəaliyyətlərini asanlaşdırmağa, silah-sursatı və terroristləri Cənubi Asiya, Suriya və başqa yerlərə köçürməyə icazə verib",- açıqlamada vurğulanıb.

visiontv.az