SƏLİQƏ – ətrafda və içdə...- professor Səlahəddin Xəlil
SƏLİQƏ – ətrafda və içdə...- professor Səlahəddin Xəlil
01.03.2021 Səlahəddin Xəlilov Tərəfindən

İnsan tək qalmışdı və bu fürsəti dəyərləndirmək, ev-eşiyi səliqə-sahmana salmaq istədi;

öncə eşiyi - qapı-bacanı, sonra  içərini - otaqları yığışdırdı, artıq şeyləri, çör-çöpü, zibilləri atdı, sildi-süpürdü…

Sonra… Sonra özünü də səliqə- sahmana salmaq, rahatlanmaq istədi; öncə yuyundu, təmiz əlbisə geyinib qoltuqlu kürsüdə oturdu-uzandı…

Amma heç cür rahatlana bilmədi, – içində qarmaşıq duyğular var idi…

Anladı ki, içdə - könül evində də bir səliqə-sahman yaratmağa ehtiyac var.

İç dünyasına xatirə qapısından daxil oldu;

“çörü-çöpü”, artıq şeyləri sildi-süpürdü, əsas olanları da səliqə-sahmanla düzmək istədi.

Amma iç-in özəllikləri var idi.

Bəzi olmuşlar/xatirələr elə dərin iz buraxmışdı ki, onları artıq ev əşyası kimi götürüb atmaq olmurdu...

Evdə hər şey sadəcə məkan fəzasında düzülürdüsə, burda  zamana görə də düzmək-düzənləmək lazım gəlirdi…

Burda hərənin öz məkanı, öz hücrəsi yox idi, hər şey iş-içə idi və birini çıxarmaq istəyəndə sanki qurulu bir dünya adamın başına uçacaqdı.

“Nədən başlamalı” sualı başlamağa imkan vermirdi...

Visiontv.az