Sadəcə rahat buraxmaq lazımdı o ananı
04.01.2022

Həyatın bəlkə də övlad itgisi qədər ağrı-acısını özündə ehtiva edən ikinci bir hadisə, faciə üzü yoxdur. Bu həm də genetik faktora söykənir. İllah da o övlad Polad Həşimov kimi Tanrı xislətində bir övlad ola. Bu məqamda Səmayə ananın nələr keçirtdiyini yalnız anlamaq gərək...gerisi müzakirəsizdi. Heç mənim də məqsədim onun son çıxışını müzakirə etmək, haqlı-haqsız olmasından söz açmaq deyil.(Digər tərəfdən də mən hərbi ekspert deyiləm). Sözümün canı başqadır.

...Bu iki il müddətində o efir, o veriliş, o bloqer, o jurnalist qalmadı ki, Səmayə ananı sorğu-suala tutub özünə çəkməsin, danışdırmasın. Elə bilirsiniz hamısı ürək yanğısından atdı bu addımı? Əsla! Əksəriyyəti ancaq reytinq naminə. Necə deyərlər, hərə bir tərəfə çəkdi. Elə yetən qaçdı üstünə. Ondan ictimai-siyasi şəxs də, mədəniyyət adamı da, məişət problemlərinin həlli üçün istiqamət verən ekspert də yaratdılar. Xoşqədəm Hidayətqızının verilişinə qədər gedib çıxdı o ana. Təbii ki, çağırdılar, apardılar getdi. Niyə? Nə səbəbə? O içi parça-parça olumuş bir saf, zəhmətkeş qadındı. Hislərindən, böyüklüyündən keçə bilmir, hər kəsə qapı açır, hər təklifə razılıq verir. Hətta bəlkə də içindəki atəşin, saflığın gücünə özündən biixtiyar razılıq verir. Bəs, sizə nə olub, ay telefon çəkilişini yenicə öyrənən bloqer, reytinq naminə addım atan efir, mətbuat adamı, nə bilim, insan oğlu, insan qızı?! Məgər, onun ağrısından hali deyilsinizmi? O anadır. Tale onun bağrında elə bir od qalayıb ki, ömrü bitənə qədər o odun içində yanacaq. O məşəqqətin ağuşunda olan adamı sadəcə dinləmək gərək. Ancaq dinləyib öz maraqları naminə istifadə etmək vicdandandırmı...

...Kiçik bir nüansı deyim. Məsələn, Səmayə ana yeni il bayramının keçirilməsinin əlehinə danışır. Bir şəxs də həmin çıxışı video-çəkiliş edib ictimaiyyətləşdirir. İndi biz gedib o anaya deyə bilmərik ki, ay ana, həyat davam edir, kədər də bizimdi gələcək də. Yalnız kədərə qapanıb qalmaq da olmaz. Şəhidlərimizi unutmadığımız kimi kədərə də bürünüb dayanmayaq.

Zaman ötdükcə hər nə varsa xatirəyə çevirib sevincə də qapı açmaq lazımdı. İndiki vaxtda biz gedib bu sözləri o anaya deyə bilmərik. Heç yeri gəlsə o ananı nitqinə görə suçlamaq da olmaz. Çünki dediyim kimi, onun gözünün yaşı ovcundadı. O danışıb, ürəyini boşalda da bilər. Bəs, sənə nə olub, ay adam?! Sənə nə olub, onu çəkib ictimaiyyətləşdirirsən?! Hər kimsənsə bu ölkədə yaşayan birisən.

Guya, sən bu iki ildə eləcə oturub ağlamısanmı? Guya bilmirsənmi o çıxış ananın ürəyinin yanğısından gəlir, həssaslığından doğur. Səhvdi, düzdü?..Müzakirəsizdir!..
...Sadəcə rahat buraxmaq lazımdı o ananı. İnsafınız olsun!

Emil Rasimoğlu
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü
Visiontv.az