Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edib, ondan Rusiya-Ukrayna müharibəsinin mülki əsirləri siyahısına salınmasını, mümkün olanda dəyişdirilməsini xahiş edib. O, müraciətində Ukrayna vətəndaşı olduğunu, əvvəllər Zelenskinin rəhbərlik etdiyi Milli İslahatlar Şurasında çalışdığını vurğulayıb. "Bilirəm ki, ukraynalılar özlərininkini tərk etmirlər, ümidim sizədir", – Saakaşvili deyib.
Gürcüstanın keçmiş prezidentinə 2015-ci ildə Ukraynanın ozamankı prezidenti Petro Poroşenkonun fərmanı ilə vətəndaşlıq verilib. Poroşenko onu Odessa vilayət administrasiyasının rəhbəri təyin edib. İki ildən sonra Poroşenko ilə Saakaşvilinin münasibətləri pozulub, Ukrayna prezidenti Saakaşviliyə vətəndaşlıq verilməsi haqda fərmanın qüvvəsini dayandırdı. Saakaşvilinin 2021-ci ilədək Ukraynaya girişi də qadağan edilib.
Zelenski prezident seçiləndən az sonra, 2019-cu ilin mayında Ukrayna vətəndaşlığını Saakaşviliyə qaytarıb, onu islahatların icrası komitəsinin rəhbəri təyin edib.
2021-ci ilin sentyabrında Saakaşvili Rusiyaya yaxın "Gürcü Arzusu" partiyasının idarə etdiyi Gürcüstana qayıdıb. O, dərhal həbs olunub, bir neçə cinayət işi üzrə məhkum edilib. Keçmiş prezident 2034-cü il aprelin 1-dək həbsdə qalmalıdır.
2025-ci il noyabrın 6-da Gürcüstan hökuməti Saakaşvili barəsində yeni cinayət işi açıb, bu dəfə dövlət hakimiyyətinin devrilməsinə çağırış maddəsi ilə. İstintaqın versiyasına görə, həbsdə olan siyasətçi sosial şəbəkələrdəki səhifələrində, videomüraciətlərində tərəfdarlarını mübarizəyə və aqressiv müqavimətə, hökumət binalarını ələ keçirməyə, rejimi devirməyə çağırıb.
Noyabrda Saakaşvili zəhərlənmədən müalicə olunduğu klinikadan həbsxanaya qaytarılıb.
Ukrayna hakimiyyəti dəfələrlə Gürcüstanı Saakaşvilini müalicə üçün Kiyevə təhvil verməyə çağırıb. Saakaşvili özü isə 2021-ci ildə Zelenskiyə məktub yazaraq özünü "faktiki olaraq Putinin şəxsi əsiri" adlandırıb.
"Gürcüstanımı həyatımdan çox sevirəm, amma Ukraynanı, həyatımın çox ilini keçirdiyim, ailəm, dostlarım olan, vətəndaşlığına böyük dəyər verdiyim ikinci vətənimi də çox sevirəm. Sizin gerçəkləşdirdiyiniz tarixi dəyişikliklərə və islahatlara kiçik də olsa, töhfə verdiyim üçün ömrüm boyu qürur duyacağam. Çünki mən faktiki olaraq Putinin şəxsi əsiriyəm və sizin Ukraynanı, bütün regionu və imperiyanın bütün əsirlərini müdafiə etmək üçüm göstərdiyiniz prinsipial mövqeyi çox yüksək qiymətləndirirəm", – o bildirib.
visiontv.az