Rusiya vətəndaşlarının Avropaya yolu kəsilir
10.11.2025

Avropa Komissiyası Rusiya vətəndaşlarına çoxdəfəli Şengen vizaları verilməsini qadağan edib. Bəzi istisnalar nəzərdə tutulub. Bu qayda yalnız Avropa İttifaqı (Aİ) üzvlərinə deyil, həm də Şengen zonasına daxil olan İsveçrə və Norveç kimi ölkələrə də aiddir. Bu o deməkdir ki, Rusiya vətəndaşları hər dəfə Aİ-yə səfər edəndə yeni viza üçün müraciət etməlidirlər. Komissiya məqsədin dövlət siyasəti və təhlükəsizliyi qorumaq olduğunu bildirir. "Müharibə başlatmaq və Avropada azad hərəkət etməyi gözləməyi əsaslandırmaq çətindir", – Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas X-də yazıb.

İstisnalar

İstisnalar Şengen sazişi üzvü ölkələrdə yaşayan rusiyalıların, yaxud Aİ vətəndaşlarının yaxın qohumları, nəqliyyat sahəsinin işçiləri üçün tətbiq olunacaq. Yaxın qohumlar son iki ildə üç Şengen vizası alıb və onların şərtlərini pozmayıblarsa, o zaman birillik çoxdəfəli viza ala biləcəklər.

Dənizçilərə, yük maşını və avtobus sürücülərinə, lokomotiv briqadalarına, digər nəqliyyat işçiləri üçün çoxdəfəli vizanın müddəti doqquz ay olacaq. O da bir şərtlə ki, onlar son iki ildə iki viza alıb və ondan düzgün istifadə ediblər.

Əsaslandırılmış hallarda müstəqil jurnalistlərə, insan haqları müdafiəçilərinə və rejim əleyhdarlarına çoxdəfəli viza verilə bilər.

Adi halda, viza məsələləri müqavilə iştirakçısı olan ölkələr səviyyəsində həll olunur. Ancaq bu halda Aİ özünün miqrasiya riskləri və təhlükəsizliyi ilə bağlı xüsusi hallarda viza verilməsini məhdudlaşdırmaq hüququna istinad edir.

Bu qərar Rusiyanın Ukraynaya müdaxiləsi, kiberhücumlar və sənaye casusluğu, vizalardan təbliğat məqsədilə potensial sui-istifadə, "Rusiyanın miqrasiyadan silah kimi istifadəsi" ilə izah edilir.

Yeni qaydalar ölkə xaricində daimi yaşayan Rusiya vətəndaşlarına aid deyil. Onlar üçün əlavə yoxlama tələb edən ayrıca prosedur mövcuddur. Bundan əlavə, bu qaydalar, məsələn, təhsil və ya iş məqsədilə verilən milli vizalara aid edilmir.

visiontv.az