Bu gün ADA Universitetində jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sülh sazişinin imzalanması qaçılmazdır. Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Bu proses intensiv olsa da, Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yaranmışdı. Bundan başqa bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq imkanının olduğunu bildirib. O, qeyd edib ki, danışıqlar çox intensiv gedir. Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək və beynəlxalq birlikdən güclü yardım olsa, o zaman ilin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalı var.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin ilin sonuna kimi imzalanması nə dərəcədə real görünür? Sülh müqaviləsinin hansı ölkədə imzalanması ehtimalı yüksəkdi?
Mövzu ilə bağlı siyasi şərhçi Cümşüd Nuriyev Visiontv.az saytına açıqlama verib:
“Ermənistanla sülh sazişinə əsas maneə olan Rusiyadır. Çünki, Amerika Birləşmiş Ştatları da maraqlıdır ki, sülh sazişi imzalansın. Avropa İttifaqı da bu maraqdadır. Sülh müqaviləsinin imzalanmasını istəməyən əsasən Rusiya, onun hərbi elitası, Fransa və İrandır. Təbii ki, burada Rusiyanın təsiri çoxdur. Çünki, bu saziş imzalanandan sonra artıq Azərbaycan ərazisində sülhməramlı adlı hər hansısa bir silahlı qüvvə qalmamalıdır.
Bütün müharibələrin sonu sülhlə qurtarır. Dünya praktikasına nəzər salsaq görərik ki, yüzillik müharibələr belə sülhlə yekunlaşıb. 1907 – ci ildə qəbul olumuş Haaqa konvensiyasına və BMT nizamnaməsinin 30- cu maddəsinə görə müharibələrin sonunda sülh sazişi imzalanmalıdır.
Azərbaycan XİN rəhbəri də bugünkü çıxışında bunu gündəmə gətirib. Azərbaycan sülhə hazırdı. Dövlətimizin təklifləri də Emrənistan tərəfə göndərilib. Baş nazirlərin müavinləri səviyyəsində üçlü toplantılar oldu. Bundan başqa əvvəlcə işçi qrupları görüşməlidir. Hansı məsələlərdəki tərəflər əks mövqedədirlər. O mövqelər müzakirə olunmalıdır. Görünən odur ki, sərhədlərin delimitasiyası ilə bağlı elə bir ciddi problem yoxdur. Paşinyan hakimiyyətinin yıxılmasından ehtiyat edir. Yoxsa sülh sazişini çoxdan imzalanmışdı.
Qərbin dəstəyini alandan sonra Ermənistan da dərk edir ki, müharibədən sonrakı reallıqları qəbul etməlidir. Bütün müharibələrin taleyinə baxanda görə bilərik ki, qalib tərəfin şərtləri bir addım öndədir və daha önəmlidir. Azərbaycan tələbi Ermənistanın daxili işlərimizə qarışmaması, sərhədlərin delimitasiyası, Naxçıvanla Azərbaycan arasında nəqliyyat dəhlizinin açılmasının Ermənistan tərəfindən təmin olunmasıdır.
Ona görə də sülh müqaviləsinin ilin axırına qədər imzalanması mümkündür. Hazırda dünyadakı proseslər Rusiyanın istədiyi kimi deyil. Rusiya – Çin tandeminə qarşı Avropa ABŞ tandemi var. Dondurulmuş münaqişələr istər – istəməz siyasi arxitekturada problemlər yaradır. Burada ABŞ -ın və Qərbin də əsas məqsədi birinci mərhələdə Rusiyanın Qafqazda mövqeyini zəiflətməkdir. Əks təqdirdə Türkiyənin mövqeyinin gücləndirilməsidir.
Amerika Birləşmiş Ştatlarına lazımdır ki, Türk dövlətləri təşkilatı vasitəsi ilə bir növ Çin – Rusiya iqtisadi maraqlarını, Çin – Türk dövlətləri iqtisadi maraqları ilə dəyişə bilsin.
Çinin Avropaya çıxışı üçün Qazaxıstan var. Azərbaycanın da Avropaya çıxışı üçün Gürcüstan var. Yəni, Çinin uzun yollarla iqtisadi maraqlarını təmin etməsi ona sərf etmir. Ona görə də - Bir yol, bir kəmər – layihəsini həyata keçirmək istəyir. Ona görə Çin də sülh müqaviləsinin imzalanmasına razıdır.
Azərbaycan tərəf seçməkdə kifayət qədər balanslaşdırılmış siyasət yürüdür. Lakin sülh sazişinin harada imzalanmasının elə də əhəmiyyəti yoxdur. Təki sülh müqaviləsi imzalansın…”
Bünyamin Bünyadzadə
Visiontv.az
Bünyamin Bünyadzadə
Visiontv.az