Rusiya işğalının sirri...
Rusiya işğalının sirri...
19.01.2022 Elbəyi Həsənli Tərəfindən

Türkiyə Ukraynaya dronlar satır. Təbii ki, bu, Rusiyanın ürəyincə deyil. Ancaq Türkiyənin Ukrayna ilə bağlı öz maraqları var. Və rəsmi Ankara bu maraqları Rusiyaya qurban vermək fikrində deyil...

Qərb ölkələri Ukraynaya kömək edir. Ukraynaya ən çox lazım olan silah drondur. Onu da Ukraynaya vermirlər.

Məsələn, İsrail Azərbaycana ən modern dronlar satır. Ancaq Ukraynaya dron vermir. Çünki Yaxın Şərqdə bir çox məsələlərlə bağlı İsrail Rusiya ilə üz-üzə gəlir. Təbii ki, Rusiya İsrailin bu davranışını nəzərə almaq zorunda qalır...

Bəzi sadəlövhlər deyir ki, İsrail Azərbaycanın pulunu alıb, silahını verir. Düzdür, İsrail Azərbaycana silahı hədiyyə etmir. Ancaq İsrail belə ultra-müasir silahları yalnız Azərbaycana satır. Bu da iki ölkə arasındakı xüsusi münasibətlərə bağlıdır...

Rusiya Ukrayna, Gürcüstan və Moldovanın bir hissəsini müxtəlif bəhanələrlə işğal edib. Niyə? Çünki Rusiya bu ölkələrin NATO-ya daxil olmasının, Qərbə üz tutmasının qarşısını almağa çalışır. Hesab edir ki, bu işğallar bu prosesin qarşısını alacaq...

Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində də tutduğu əsas xətt bu ölkələrin Qərbə meyllənməsinin qarşısını almağa hesablanıb. Elə Rusiyanın Dağlıq Qarabağ problemini uzatmaqda da əsas məqsədi budur.

Ancaq son proseslər göstərir ki, Rusiya işğalına baxmayaraq Ukrayna, Gürcüstan və Moldova NATO-ya üzv ola bilər. Moldova ilə bağlı isə onu xüsusi qeyd edək ki, moldovanlar rumunlarla eyni millətdir. Hətta birləşmək istəyirlər. Rumıniya isə 2004-cü ildən NATO-nun üzvüdür...

Yəni Rusiya Ukraynaya müharibə elan etsə, Qərb prosesə müdaxilə edəcək. Və Qərblə üz-üzə gələn Rusiyanın iqtisadi, siyasi və hərbi baxımdan çöküşü sürətlənəcək...

Elbəyi Həsənli

Visiontv.az