Reqbi üzrə yoldaşlıq görüşü keçirildi
31.03.2021

28.03.2021 tarixində Qəbələ şəhər stadionunda Qarabağ Reqbi komandası yerli Qəbələ reqbi komandasının qonağı olub. Oyun 20:5 hesabı ilə Qarabağ reqbiçilərin qələbəsi ilə nəticələnib. Qalib komandada məhsuldar cəhdləri Nəciməddin Cəfərov, Murad Baloğlanov, Raul Tağıyev və Novruz Məmmədov yerinə yetiriblər.

Visiontv.az xəbər verir ki, oyun sonrası Qarabağ komandasının baş məşqçisi Nizami Mahmudov oyunla bağlı fikirlərini bölüşüb: "Qəbələ komandası olduqca xoş təsir bağışladı. Uşaqlar əzmlə mübarizə aparırdılar, bu müqaviməti gözləmirdik. Əminəm ki yaxın zamanda çox güclü bir kollektivə çevriləcəklər. Qəbələ komandasına uğurlar arzu edirəm."

Qarabağ Reqbi komandasının rəhbəri Eldar Kərimov isə ''Bu gün meydanda olan uşaqlarla fəxr etməmək olmur. Hansı klubu təmsil etməsindən asılı olmayaraq, bu uşaqlar Azərbaycan reqbisinin gələcəyidir. Və bu gün qalib gələn də Azərbaycan reqbisi oldu. Azərbaycan Reqbi Federasiyasının 1- ci Vitse-prezidenti Elvar Osmanov və Federasiyanın Baş katibi Əliniyaz Mirzəyevə bu görüşdə iştirak etdiklərinə və təqdim etdikləri hədiyyəyə görə təşəkkür edirəm" deyə qeyd edib.