Qonşularla müqayisədə İran Hərbi Hava Qüvvələri
18.11.2025

İranın qonşu ölkələrinin əksəriyyəti hava qüvvələrini qabaqcıl qırıcılarla təchiz etdiyi halda, İranın ən qabaqcıl qırıcısı isə hələ də 1970-ci illərin istehsalı olan F-14-lərdir.

Bu haqda Forbes jurnalı məlumat dərc edib.

"Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan 4,5 və 5 nəsil qırıcılar almaq istəyirlər, bu da İranla hava gücündə fərqi artırır",- nəşr yazıb.

Forbes bildirib ki, İranın daha zəif hava qüvvələrinə malik digər qonşuları ilə Tehran arasında toqquşma ehtimalı yox səviyyəsindədir:

"Yeganə istisna Talibanın hakimiyyəti altında olan Əfqanıstandır ki, orada qırıcı yoxdur və hava qüvvələri çox zəifdir".

Bununla yanaşı Türkmənistanın da əhəmiyyətli dərəcədə güclü hava qüvvəsinin olmadığı, başqa qonşu Ermənistanın da Su-25-lərdən əlavə yalnız dörd Su-30 qırıcılarına malık olduğu diqqətə çatdırılıb və hər iki ölkənin İranla münasibətlərində qarşıdurmanın gözlənilmədiyi qeyd olunub. 

Nəşr, İranın Rusiyadan qabaqcıl qırıcılar almaq cəhdlərinə də toxunub:

"Sızdırılan Rusiya sənədləri İranın 48 Su-35 təyyarəsi almaq üçün müqavilə bağladığını göstərir, ancaq ekspertlərin fikrincə, hətta adı çəkilən qırıcıların alınması reallaşsa da, bu, bölgədəki hava qüvvələri balansını dəyişməyəcək və İsrailin yüksək inkişaf etmiş hava qüvvələrinə qarşı İranın hərbi hava gücünün artmasına əhəmiyyətli təsir göstərməyəcək".

Qeyd edək ki, bundan əvvəl 2023-cü ilin iyun ayında İran hökuməti Rusiyadan “Su-35” qırıcılarının alınmasına dair müqavilənin yekunlaşdığını elan edib. 

Ancaq İran tərəfinin bu iddialarına baxmayaraq, Rusiya bu günə kimi Su-35 qırıcılarını İrana təhvil verməyib.

visiontv.az