Qərəz və böhtandan ibarət olan məktub məni heç təəccübləndirmədi - Elçin Mirzəbəyli
Qərəz və böhtandan ibarət olan məktub məni heç təəccübləndirmədi - Elçin Mirzəbəyli
06.05.2021 Elçin Mirzəbəyli Tərəfindən

Avropa Parlamentinin “Avropa Xalq Partiyası” fraksiyasından olan deputatlarının Avropa Komissiyasının və Avropa Şurasının sədrlərinə ünvanladıqları, Azərbaycana qarşı ən radikal erməni millətçisinin yaza biləcəyi qərəz və böhtandan ibarət olan məktub məni heç təəccübləndirmədi.

Ən azı ona görə ki, bu prosesin önündə Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi, AP-də “Avropa Xalq Partiyası” fraksiyasının vitse-prezidenti Andrey Kovaçev dayanır və məktubu imzalayanların 49 nəfəri Fransanı təmsil edir. Məktubi imzalayanlar arasında ikinci sırada dayananlar isə Yunanıstan və Şimali Kipri təmsil edən parlamentarilərdir. Yəni mənzərə aydındır. Heç bir fundamental əsası olmayan klassik Azərbaycan və Türkiyə düşmənçiliyi absurd iddialardan ibarət olan anti-Azərbaycan məktubunun imzalanmasında da özünü büruzə verib.

Qeyd edim ki, maraq doğuran məqamlardan biri, şansız və şərəfsiz məktubu imzalayanların arasında türk əsilli Bolqarıstan vətəndaşının olmasıdır. Onun da mayası çox güman ki, əvvəldən tərs gəlib və sapı nütfəsi qoyulan gündən özgəyə məxsus olub.
İndi keçək mətləbə…

Məktub müəllifləri iddia edirlər ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 8-ci bəndinin tələblərinə əməl etməyib və bununla da həm məlum bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, həm də Cenevrə Konvensiyasının tələblərini pozub.

Xatırladım ki, “Avropa Xalq Partiyası” fraksiyası təmsilçilərinin sözügedən məktubda istinad etdikləri konvensiyanın və elə onların da nümunə gətirdikləri 4-cü maddəsinin 1-ci bəndində kimlərin və hansı dövrdə hərbi əsir hesab edildikləri dəqiqliklə ifadə olunur. Sitat:

“Münaqişə tərəflərindən birinin digər tərəfin hakimiyyəti altına düşən silahlı qüvvələrinin üzvləri, həmçinin bu silahlı qüvvələrin tərkibindəki könüllü dəstələrin təmsiçiləri hərbi əsir sayılırlar”.

Göründüyü kimi, Konvensiyada söhbət münaqişə tərəflərindən və münaqişə (müharibə) vəziyyətində əsir düşən şəxslərdən gedir. Məlum olduğu kimi Azərbaycanla Ermənistan arasındakı münaqişəyə (müharibəyə) Avropa parlamentarilərinin də istinad etdiyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla son qoyulub. Ermənistanın təxribatçı-terrorçuları isə müharibə başa çatdıqdan 1 ay sonra, dekabr ayının 11-də, həm də konkret cinayət əməlləri törətdiklərinə görə, antiterror əməliyyatı nəticədə saxlanılıblar. Yəni “Avropa Xalq Partiyası” fraksiyası təmsilçilərinin həvəslə istinad etdikləri Cenevrə konvensiyasının hazırda Azərbaycanda istintaq altında olan terorçulara hər hansı bir aidiyyatı yoxdur.

Avropa Parlamentarilərinin məktubunda istinad olunan digər “sənədlər” isə Ermənistan Ombudsmanının və "Human Rayts Votç" təşkilatının ilkin hesabatıdır. Amma nədənsə Avropalı “humanistlər” Azərbaycan Baş Prokurorluğunun, Ombudsmanının müraciətlərində yer alan faktlar, HRV-nin mülki Azərbaycan əhalisinə qarşı Ermənistanın törətdiyi ağır cinayətlər, həmçinin qadağan olunmuş mərmilərdən istifadə edilməsi haqqında hesabatından söz açmağı “unudurlar”.

Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olduğu, yaşayış məntəqələrimizin vəhşicəsinə dağıdıldığı, yüzminlərlə azərbaycanlı məcburi köşkün və qaçqının fundamental hüquqlarının pozulduğu, Birinci Qarabağ müharibəsində 4 mindən artıq azərbaycanlının  itkin düşdüyü, əsir və giröv götürüldüklərini təsdiqləyən çoxsaylı şahid ifadələrinin olduğu bu şəxslərlə bağlı Azərbaycanın tələblərinə Ermənistanın reaksiya vermədiyi hər zaman olduğu kimi yenə də yada düşmür. Gözləri erməni yalanlarının tüstüsünə kor olan, amma məşhur misalda deyildiyindən fərqli olaraq, erməni diasporunun istisinə qızınan Avropa parlamentariləri utanıb qızarmadan, misilsiz bir həyasızlıqla ölkəmizə böhtan atırlar. Qədim Roma filosofu, natiqi Siseronun təbirincə desək, “yaxşı ki, kağız qızarmır”. Yoxsa “Avropa Xalq Partiyası” fraksiyası təmsilçilərinin imzaladıqları məktub qan rəngində olardı. Erməni işğalının və terrorunun qurbanı olan günahsız azərbaycanlıların qanı rəngində. Bu qana isə erməni siyasətçiləri və hərbçilərinin əli, Avropa parlamentarilərinin vicdanı bulaşıb. İkincisi daha ağır cinayətdir. Çünku yeni-yeni faciələr üçün president yaradır…

Visiontv.az