Qərbdə həm də xristian fundamentalizmindən tutmuş faşizmə qədər murdar siyasi düşüncə mərkəzləri də mövcuddur - Elbəy Həsənli
Qərbdə həm də xristian fundamentalizmindən tutmuş faşizmə qədər murdar siyasi düşüncə mərkəzləri də mövcuddur - Elbəy Həsənli
01.12.2020 Elbəyi Həsənli Tərəfindən

Azərbaycan insanın düşüncəsinə Qərb demokratik dəyərlərə üstünlük verən dövlətlər birliyi kimi həkk olunub. Şübhəsiz ki, bu, təsadüfi deyil. Həqiqətən də Qərb demokratiya baxımından gəlişmiş və oturuşmuş bir məkandır. Ancaq bu məkanda həm də xristian fundamentalizmindən tutmuş faşizmə qədər terrora bağlı murdar siyasi düşüncə mərkəzləri də mövcuddur. Xüsusən Azərbaycan-Ermənistan savaşına münasibətdə Qərbin bu kimi eybəcərlikləri daha qabarıq görünür.

Beynəlxalq səviyyədə də danılmaz nüfuzu olan Almaniyanın "Der Spiegel" jurnalında gedən "Berg-Karabach-Konflikt: Warum Armenien vom Westen verraten wird" (Dağlıq Qarabağ Münaqişəsi: Niyə Ermənistan Qərb tərfindən satıldı) adlı məqaləsi xristian fundamentalizm inin bariz nümunəsi sayıla bilər. Məqaləni Wolfram Weimer qələmə alıb. O, Almaniyanın, eləcə də Qərbin tanınmış yazarlarından biridir. Jurnalistika ilə bağlı almadığı mükafat qalmayıb.

O, yazır ki, müsəlman Türkiyə və Azərbaycan Suriyadakı qatı islamçı muzdlu döyüşçülərlə birlikdə ilk xristian dövləti olan Ermənistana qarşı müharibədə qələbə çaldı. Neftlə zəngin Azərbaycan üstəlik ən müasir dronlarla silahlanmışdı. Balaca Ermənistanın belə bir gücə qarşı müharibədə heç bir şansı yox idi. Despot Ərdoğan və Əliyev qələbəni qeyd edir. Qərb ölkələri isə bir-birinin üzünə baxır.

”Vaxt ağılla seçildi: Ermənistana hücum (?) ABŞ və Avropa ciddi şəkildə məşğul olduğu bir zamanda başladı. ABŞ-da prezident seçkiləri gedirdi və Avropa koronavirus pandemiyasının ikinci dalğasını ilə üzləşmişdi. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev-müttəfiq despotlar Qafqazda sürətli və çirkli bir müharibəyə qərar verdilər”.

Müəllif yazır ki, Azərbaycan ordusu ermənilərə aid xəstəxanaları və kilsələri bilərəkdən vururdu, çünki o binaların üstündə xaç işarəsi vardı.

Türkiyə və Azərbaycan üçün Dağlıq Qarabağın fəthi xristian Ermənistana qarşı islama söykənən azadlıq mübarizəsidir. Ərdoğan Dağlıq Qarabağ müharibəsini din müharibə kimi dəyərləndirdi və "bölgəni kafirlərdən azad etmək" məqsədi güdüyünü bildirdi. Kiçik Ermənistan - Brandenburq böyüklüyündə bir dövlət – rəsmi şüarı "bir millət, iki dövlət" olan iki müsəlman qardaş dövlət arasında sıxılmış halda xristian boltu kimi qalıb. Ermənistan üçün tarixi bir kabus qayıdır, çünki düz 100 il əvvəl ermənilər türklər tərəfindən törədilmiş soyqırımın müdafiəsiz qurbanları olmuşdular...
Ən absurdu isə odur ki, müəllif müharibənin başlamasının səbəbini Türkiyə və Azərbaycanda olan sosial problemlərlə əlaqələndirir. O yazır ki, Ərdoğan ciddi iqtisadi və valyuta böhranı ilə üzləşib, neftin qiyməti düşəndən sonra Əliyevin ​​daxili qarşıdurmalara müqavimət qabiliyyəti azalıb. Hər iki ölkədə sosial gərginlik var və islamçıların iqtidara siyasi təzyiqi artmaqdadır...

Baxın, “Der Spiegel” Almaniyanın ən nüfuzlu nəşridir. Wolfram Weimer də tanınmış yazardır. Və bunların yazdığı budur. Məqaləni oxuyan adamda belə təəssürat yaranır ki, Türkiyə, Azərbaycan, Suriyadan gələn islamçı terrorçular əl-ələ verib xristian Ermənistana qarşı islamı dəyərlərdən qaynaqlanan müharibə aparır. Məqalədə zavallı Ermənistanın Azərbaycanın 20 faiz ərazini işğal etməsi ilə bağlı bir kəlmə də yoxdur. Az qala 30 il davam edən sülh danışıqlarının nəticəsiz başa çatması barədə də heç nə deyilmir.

Ümumiyyətlə, belə bir fikir yaradılır ki, erməniləri qırmaqdan zövq alan türklər Qərbin başının qarışıq olmasından məharətlə yararlanıblar və Ermənistanı işğal ediblər. Halbuki Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində öz torpaqlarını qeyri-qanunu erməni silahlı birləşmələrindən, daha dəqiqi terrorçulardan təmizləmək üçün hərbi əməliyyat keçirib.

Bu kimi yazılara Azərbaycan mətbuatında cavab vermək mümkün deyil. Çünki bizim mətbuat ciddi şəkildə senzura altındadır. Bizim başbilənlər hesab edir ki, belə şeylər haqqında yazmasaq, daha yaxşıdır. Tam yanlış bir yanaşmadır. Azərbaycanın Almaniyadakı səfirliyi isə belə şeylərə elə bir önəm vermir. Halbuki rəsmi qurum kimi cavab haqqına sahibdir və “Der Şpiegel”də Azərbaycan dövlətinin rəsmi mövqeyini əks etdirən məqalə dərc etdirmək haqqına sahibdir. Məsələn, Britaniyadakı səfirliyimiz bu imkandan məharətlə yararlanır. Özüm dəfələrlə onların cavab haqqından istifadə edərək ortaya qoyduqları yazıları oxumuşam. Qısa, konkret və dəqiq cavab verirlər. Almaniyada isə vəziyyət xeyli fərqlidir...

Visiontv.az