Qələbəmizin əsası Aprel döyüşlərində qoyuldu - deputat Nəsib Məhəməliyev
Qələbəmizin əsası Aprel döyüşlərində qoyuldu - deputat Nəsib Məhəməliyev
02.04.2021 Nəsib Məhəməliyev Tərəfindən

“Aprel döyüşləri bizim şanlı tariximizdir. Azərbaycan xalqı yaşadıqca Aprel döyüşləri şəhidləri anılacaq və şərəfli, şanlı tarix kimi hər il qeyd olunacaq”.

Visiontv.az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın hərb tarixinin şanlı səhifələrindəndir: “İlk dəfə “məğlubedilməz” erməni ordusu mifi məhz Aprel döyüşləri ərəfsində dağıldı, ilk dəfə o vaxtı bütün dünya erməniliyi tərəfindən reklam olunan, təbliğat aparılan “keçilməz Ohanyan xətti” darmadağın oldu. Qısa zaman ərzində Lələtəpə kimi strateji yüksəkliyi Azərbaycanın mərd əsgərləri ələ keçirib düşmənə sarsıdıcı zərbə vurdular. Azərbaycan ordusu öz döyüş qabiliyyətini məhz Aprel döyüşlərində göstərmək imkanı əldə etdi. Təbii ki, bundan əvvəl də uğurlu döyüş əməliyyatlarımız olub. Lakin Aprel döyüşlərində müasir döyüş taktikası tətbiq olundu və Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi”.

Deputat 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı zəfərin əsasının 2016-cı ilin Aprel döyüşlərində qoyulduğunu deyib.
“Faktları araşdırdıqda məlum olur ki, bizim Aprel döyüşləri ərəfəsində artıq düşmən üzərində qələbə əldə etmək imkanımız var idi. Ancaq çox təəssüflər olsun ki, o dövrün geosiyasi reallıqları, Ermənistana himayədarlıq edən qüvvələrin kobud müdaxiləsi və Ermənistan rəhbərliyinin öz havadarlarına yalvarmağı nəticəsində döyüş əməliyyatları dayandırıldı. Bu ərəfədə növbəti dəfə erməni yalanları üzə çıxdı. Heç kəsə sirr deyil ki, o dönəmdə Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyan Moskvaya yalvarırdı ki, Azərbaycanı saxlayın. Beş rayonun dərhal boşaldılması ilə bağlı vədlər vermişdi. Ancaq çox təəssüflər olsun ki, erməni yalanları burada da özünü göstərdi”, - deyə o qeyd edib.

N.Məhəməliyev Aprel döyüşləri zamanı həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib və qazilərimizə də can sağlığı arzulayıb.