"Qazaxıstanda baş verən hadisələri dövlət çevrilişinə cəhd kimi qiymətləndirirəm"
12.01.2022

"Qazaxıstanda baş verən hadisələri dövlət çevrilişinə cəhd kimi qiymətləndirirəm."

Visiontv.az xəbər verir ki, bu sözləri SİA-ya verdiyi açıqlamasında “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev deyib.Politoloq vurğulayıb ki, bu proseslər daha çox Qərb dairələrinin texnoloqları tərəfindən, Qərb dairələrində hazırlanmış planlar əsasında həyata keçirilirdi.

“Xüsusilə də nəzərə alsaq ki, Qazaxıstanın timsalında son illər ərzində yeni bir maliyyə mərkəzi - İslam Maliyyə Mərkəzi formalaşırdı, məhz həmin İslam Maliyyə Mərkəzinin və eyni zamanda Çin kapitalının Qazaxıstana, Orta Asiya respublikalarına sürətli şəkildə daxil olması Qərb dairələrinin, Qərb dövlətlərinin maraqlarına qətiyyən uyğun deyildi. Eyni zamanda məlumdur ki, MDB-yə və KTMT-yə üzvülüklə, həm də təbii ki, Avrasiya İttifaqı da nəzərə alınmaqla Orta Asiya respublikaları Rusiyanın bir növ nəzarəti altında idi və bu vəziyyət milli təhlükəsizlik konsepsiyalarında Rusiya və Çinə qarşı açıq şəkildə mübarizə aparmağı əsas hədəf olaraq müəyyən edən Qərb dövlətlərinin maraqlarına qətiyyən uyğun deyildi. Bu baxəmdan Rusiya və Çin ərtafında yeni bir münaqişə ocağı yaratmaqla Rusiyanı o münaqişə ocağına çəkmək və nəticə etibarilə bu ölkənin zəiflədilməsinə və dünyanın aparıcı dövlətləri sırasından çıxarılmasına nail olmaq istəyirdilər. Eyni zamanda burada başlıca hədəflərdən biri də məhz Çin iqtisadiyyatına vurula biləcək zərbə idi. Çünki, Orta Asiya respublikalarında, xüsusən də Qazaxıstanda Çin maliyyəsi çox mühüm yerə və rola malikdir. Stabil və davamlı inkişafın formulu tapılmış Qazaxıstanda destabilləşməyə, hərbi çevrilişə nail olmaqla, Qazaxıstanı bir növ Suriyaya çevirmək Çin maliyyəsini burada batırmağa, Çin maliyyəsinin böyük problemlərlə üzləşməsinə nail olmaq istəyirdilər.

Bildiyimiz kimi regionların idarə olunmasının bu günə qədər bir neçə metodu geniş istifadə tətbiq olunub. Başlıca olaraq ABŞ və müttəfiqləri tərəfindən istifadə olunan iqtisadi asılılıq, uzun illər ərzində Rusiya imperiyası, sonradan SSRİ və indi də Rusiya tərəfindən tətbiq edilən hərbi asılılıq, hərbi müdaxilələrdir və bu müdaxilələr vasitəsi ilə regionların nəzarətdə saxlanılması metodları. Son onilliklər ərzində yeni bir forma, yeni bir model də özünü göstərməkdədir. Bu qarışıq modeldir. Yəni, iqtisadi asılılıqla hərbi müdaxilələrin birləşdirilməsi vasitəsi ilə regionların nəzarətdə saxlanılmasıdır. Bu metodun tətbiqini əyani olaraq Əfqanıstanın, İraqın, Suriyanın, Livanın timsalında görmüşük. Oxşar modeli Amerika və Qərbi Avropa müttəfiqləri Qazaxıstanda tətbiq etmək istəyirdi.

Çox yaxşı ki, sosial partlayış, eyni zamanda insanların etiraz mitinqləri kimi qiymətləndirilən bu proseslərin vaxtında qarşısını almaq mümkün oldu və bu proseslərin daha da genişlənərək dövlət çevrilişinin reallaşması ilə yekunlaşmadı. Hesab edirəm ki, Tokayevin KTMT-ni Qazaxıstana dəvət etməsi və qısa müddət ərzində KTMT-nin birləşmiş qüvvələrinin regiona daxil olması qərb dairələrinin bölgədə planlaşdırdığı böyük anarxiya, xaosun qarşısını almış oldu.

Hesab edirəm ki, burada narahatedici yeganə bir məqam Ermənistanın sülhməramlı qüvvələr timsalında orada iştirak etməsidir və bu əslində sülhməramlı missiyanın mahiyyətinə bir ironiyadır. Çünki, terrorçu bir dövlətin sülh yaratma missiyasında iştirakı özü absurd bir haldır və ona görə də çox yaxşı olardı ki, Ermənistanın orada hərbi iştirakı ümumiyyətlə qadağan ediləydi və ya Qazaxıstan rəhbərliyi buna icazə verməyəydi.
Hesab edirəm ki, Qazaxıstanda baş verən hadisələrin əhalinin sosial vəziyyəti, sosial partlayışla heç bir halda əlaqəsi mövcud deyil, əksinə, Qazaxıstanda insanların həyat şəraiti və sosial vəziyyəti digər MDB ölkələri ilə müqaisədə hər zaman yüksək olub. Bu mənada çox kiçik bir insan qrupunu, hətta sürücülərin belə çox kiçik bir hissəsini əhatə edəcək sıxılmış qazın qiymətinin qaldırılmasının belə böyük faciələrə, onlarla, yüzlərlə insanın ölümünə, 100 milyon dollarlarla ölçüləcək maddi zərərə gətirib çıxaracaq bir hadisəyə çevrilməməli idi. Xüsusilə də nəzərə alaq ki, etirazların ilk günündən prezident hökumətəti istefaya göndərərək qiymətlərin endirilməsi ilə bağlı addımlara hazır olduğunu bəyan etmişdi. Fikrimcə, bu proseslərin arxasında dayanan məhz Qərb dövlətləri, Qərb dairələri idi və çox yaxşı haldır ki, həmin dövlətlərinin, eyni zamanda Soros fondu və onun rəhbərinin maliyyələşməsi əsasında planlaşdırılan bu layihə reallaşmadı, həyata keçmədi”, deyə politoloq Anar Əliyev bildirib.