Qaz qiymətləri haqda bir BAREL ekvivalentində düşüncələrim…
17.10.2021

Qiyməti dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin artımı zamanı yaşanan eyni vəziyyət ondan ibarətdir ki, HÖKUMƏT istehlakçıları tam İNANDIRA bilmir.

Niyə belədir? Fundamental səbəbi odur ki, hökumətin öz daxilində kommunikasiya (bir nazirliyin digəri ilə dialoqu, bir qurumun digərlərini nəyəsə inandırmaq təcrübəsi) arzu edilən səviyyədə deyil. Qərarlar əsasən kollegial formada deyil, göstərişlər əsasında qəbul edilir.

İndi keçək əsas məsələyə: Azərbaycan 2007-ci ildən adını enerji tariximizə qaz İXRAC edən ölkə kimi yazıb. Şahdəniz bizim qazın tacıdır bu baxımdan. Həmçinin Şahdəniz Azərbaycanın daxili qaz bazarının stabil təminatçısı kimi “Azneft”dən sonra yeni bir oyunçudur bazarda.

2007-2021-ci ilin İ yarısında Şahdənizdən hasil edilən qazın 36%-i və ya 45 mlrd m3-u Azərbaycanın daxili bazarında satılıb. Ortalama illik olaraq 3,2 mlrd m3 edir.

Şahdənizdən qazı Azərbaycan dollarla alır, amma böyük hissəsini yerli bazara uyğun qiymətlərlə. Dövlət bu qiymətləri açıqlamır. Niyəsini bilmirəm.

Amma 2020-ci ilin dekabrında daxili bazarın tələbatı üçün qazın topdansatış alınması “Azərkontrakt”a həvalə edildikdən sonra hesab edirəm ki, daxili bazar üçün alınan qazın bütün mənbələri və qiymətləri İCTİMALƏŞDİRİLMƏLİYdi…

Ölkələr öz bazarları üçün qaz alır, məgər qiyməti gizlədəndə nəsə udurlar? Moldova hökuməti elan etdi ki, 1 oktyabr 2021-ci il tarixdən Gazprom şirkətindən qazın hər 1000 kubmetrini $790-a alacaq. Və ya Ermənistan hər il bəyan edir Rusiyadan sərhədində aldığı qazın qiymətini: hazırda $165-dir. Biz elan etsək, Şahdəniz iştirakçıları Azərbaycanı tərk edib qaçacaqlar ya nə?

Keçək ikinci məsələyə: qaz qiymətləri daxili bazarımızda niyə hər zaman artır?

2007-ci ildə Azərbaycan qaz ixrac etməyə başlayanda ölkə daxilində əhali qrupu üçün 1000 kub metrin qiyməti bilirsinizmi neçə idi? 47,2 manat. Və bu tarif üçün həcmdə limit yox idi. İndi limitdənkənar həcm üçün 250 manat tarifidir.

Yəni qaz ixracımız artdıqca ölkə daxilində qaz qiymətləri 5 dəfə artım nümayiş etdirib. Və hər artımdan sonra bir müddət keçəndən sonra daxili qaz bazarımız QEYRİ-RENTABELLİ olub.

2009-da “Azəriqaz”ı SOCAR-a birləşdirən zaman hökumət qaz qiymətlərini 100 manata qədər artırdı.

2012-ci ilin iyun ayında hökumət ölkədə qazlaşma səviyyəsinin yüksəldilməsi ilə bağlı SOCAR-a 1,5 mlrd manat vəsaitin ayrıldığını elan etdi (reallıqda qazlaşmanın 96%-ə qədər çatdırılması neçəyə başa gəldi bu haqda dəqiq məlumata malik deyiləm).

2015-ci ildən dünya bazarlarında neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra Azərbaycanda qaz qiymətlərinin əhaliyə LİMİTLİ tariflə verilməsi praktikası tətbiq edildi.

2021-ci ilin 1 iyul tarixindən qazın aşağı tariflərlə verilmə limiti 2 dəfə azaldıldı, orta limit tarifində qiymət 2 dəfə artırılır və limitdən kənar hissənin qiyməti 25% bahalaşır.

1 noyabr tarixindən ən aşağı həcmdə qaz istehlak edənlər üçün tariflər 20% artırılır və qeyri-əhali qrupları üçün müxtəlif artım göstəriciləri tətbiq edilir.

İnsanlar isə sual edir: bəs bizim qazdan gələn gəlirlərimiz artmır? Acı biz qaz ixracının hər il artırılması haqda məlumatlar eşidirik. Tamamilə doğrudur.

Azərbaycan ötən il təkcə Türkiyə bazarında 11 mlrd 548 mln m3 qaz satıb (məlumat Türkiyə Enerji Bazarlarını Tənzimləmə Qurumu olan EPDK-dir). Bundan əlavə 2 mlrddan çox qazı Gürcüstan bazarında satmışıq.

Qaz ixracımız planlara görə, bu il də, 2022-də də artacaq.

Bəs bizim qaz qazancımız? Azərbaycanda xarici bazarlarda qaz satışını Azerbaijan Gas Supply Company həyata keçirir. Bu şirkətin yalnız adı var, ictimaiyyət üçün tam qapalıdır və fəaliyyətinə görə azdan-çoxdan tanıdığımız Rysiyanın “Gazprom Export” şirkətindən Azərbaycan şəffaflıqda Türkmənistandan nə dərəcə fərqlidirsə, bu şirkət də özünün Rusiya analoqundan o qədər geridə qalır. Bu baxımdan biz nə bilirik ki, qazımızı ortalama region bazarında, nə də Avropa bazarında neçəyə satırıq.

Ruhdan düşməyin, AR Dövlət Gömrük Komitəsinin qazla bağlı son statistikasına nəzər yetirək: 2021-ci ilin 8 ayının yekunlarına görə, Azərbaycan həcm olaraq qaz ixracını 47,2%, dəyər ifadəsində isə 38% artırıb.

Təbii ki, Dünyada qaz qiymətlərinin artımı Azərbaycan qazının da daha baha satılmasına səbəb olub və bu baxımdan da qaz gəlirlərimiz belə yüksək dinamika nümayiş etdirib.

Bundan əlavə Azərbaycanın qaz ixracı ölkənin ümumi ixracatındakı payında 18,2%-ə qədər yüksəlib.

Azərbaycan xaricdən qaz idxal etmir, amma daxili bazarın ehtiyaclarını ödəmək üçün Azərbaycanda qaz hasil edən xarici şirkətlərdən qaz alır.

Çox təəssüf ki, hansısa səbəblərdən xarici şirkətlərdən nə alınan qazın həcmi, nə də qiymətləri açıqlanmır.

Bu səbəbdən də Tarif Şurası əhalini və istehlakçıları demək olar ki, TAM inandıra bilmir ki, qiymət artımı və bu artımın faiz dərəcəsi nə qədər reallığı əks etdirir.

Arada mənim müəəlif verilişim “Bizim Barel”i seyr etməyi məsləhət görərdim. Çünki FB-də çox adamın eşitmək istədiyini mən efirdən danışıram və maraqlı diaqram və qrafiklərin fonunda izah edirəm. Əlbətt ki, müəyyən hazırlığı olan auditoriya üçün.

İlham Şaban

visiontv.az