Qasım Süleymani ordeni ilə niyə məhz Polad Həşimov təltif edildi? - Müşfiq Məmmədov
Qasım Süleymani ordeni ilə niyə məhz Polad Həşimov təltif edildi? - Müşfiq Məmmədov
04.05.2021 Müşfiq Məmmədov Tərəfindən

Hər nə qədər mehriban olduğumuzu desək də bəzi qonşu dövlətlərin bizə heç də xoş olmayan münasibət bəslədiyinin dəfələrlə şahidi olmuşuq.

İran İslam Respublikası 2-ci Qarabağ müharibəsi zamanı din, tarix, məzhəb ortağı olan Azərbaycana qarşı xristian bir ölkəni rəsmi olmasada əl altdan dəstəkləməsi əslində iki ölkə arasındakı münasibətlərin heç də hamar olmadığını ortaya qoydu. Məncə ortalıqda heç də xoş qonşuluq münasibəti yoxdur. Bir biri ilə qonşu olmağa məhkum olan iki rəqib vardır.

Bizimlə gərgin münasibətləri olan qonşumuzun qələbəmizdən sonra siyasətinin davamının necə olacağını təxmin etmək mümkün idi. Məğlub olacacağımızı gözləyən, öz problemlərini özü həll etməyə qadir olmayan bir ölkə olaraq qalacağını düşünən və arzulayan  qonşu ölkənin siyasi elitası bu gün bizimlə şirinlik etməyə çalışır. Maraqlı tərəfi isə bunu üzrxahlıq olaraq deyildə,  qələbəmizdə rolu olan ortaq kimi təqdim edir. Şəhid general Polad Həşimova Qasım Süleymani ordeninin təqdim edilməsi bu siyasətin davamıdır. Siyasi və hərbi karyerasında qaranlıq səhifələrin bolluğu ilə seçilən Qasım Süleymani ordeni ilə niyə məhz Polad Həşimovun təltif edilməsi lazım idi? Bir neçə səbəbi vardır .

Adına orden mövcud olan şəxsin, təltif edilən şəxsdən daha böyük şəxsiyyət olduğu görüntüsünü yaratmaq. Dolayısıyla Polad Həşimovun Süleymaninin qurduğu cihadçı məktəbinə aid olduğu təlqin edilməyə çalışılır.

Polad Həşimovun şəhadəti cəmiyyətimizi necə yerindən oynatdığının, xalqın yürüşlər təşkil etdiyinin şahidi olduq. Bu şəraiti öz xeyrinə yönləndirmək üçün İran, generalımızı əsas fiqur olaraq seçdi. Ona Süleymançı-mücahid sifətləri taxmağa çalışır.

Digər tərəfdən İran ölkəmizdəki tərəfdarlarının vətənpərvərlər tərəfindən verilən haqlı suallarıyla küncə sıxışdırıldıqları bir zamanda bu cür addımları ilə tərəfdaşlarını ruhlandırmaq və xalqın gözündə müsbət obraz yaratmaq istəyir.

Şəhidlərimizin imicinə ola biləcək hər hansı bir xarici mudaxilə bizim üçün namus məsələsidir. Onların təmiz adını və əziz xatirəsini təkcə dövlət qanunları deyil həm də cəmiyyətimiz qorumalıdır. Polad Həşimov və onun kimi minlərlə şəhidimiz yalniz və yalniz bizə-vətən üçün qan tökdüyü Azərbaycana aiddir.

Visiontv.az