Qarabağın bərpası planlı və perspektivə hesablanmış şəkildə icra olunur - deputat Elnur Allahverdiyev
19.03.2021

Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" fərman imzalayıb.

Fərmana əsasən, Qarabağda bərpa prosesinin idarə edilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir. Sənədə münasibət bildirmək üçün Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyevə müraciət etdik:

“Fərmandan göründüyü kimi, tikinti işləri üçün torpaqların istifadə və icarəsi, tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, ən əsası isə planlaşdırma prosesi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir. Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə etməsi Qarabağda həyata keçirilən bərpa işlərinin məntiqindən irəli gəlir. Cənab Prezident azad olunmuş torpaqlarda tam müasir şəhərsalma və infrastruktur bərpası prosesinə start verib. Dövlət başçısı salınacaq kəndlər və tikiləcək şəhərlərin “ağıllı” yaşayış məntəqələri konsepsiyalı olacaqlarını elan edib. Bu, tamamilə yeni və köklü prosesdir.

Planlaşdırma amilinə xüsusilə toxunmaq istəyirəm. Son 18 ildə Azərbaycanda irimiqyaslı abadlıq və təmir işləri həyata keçirilib. Kəndlərimiz, şəhərlərimizin infrastrukturu bərpa olunub, yenilənib. Biz bu prosesdə vacib bir amili müşahidə etmişik: yaşayış məntəqələrimiz böyüyür, əhalimiz çoxalır və infrastrukturumuz bu artıma tab gətirmir. Bu səbəbdən ölkəboyu bütün belə demək mümkündürsə, alt yapı yenilənib, dəyişilib. Qarabağda salınacaq yaşayış məntəqələrimizdə bu amili nəzərə almalıyıq. Unutmayaq ki, azad edilmiş torpaqlarımıza qayıdacaq əhali də çoxalıb, bir ailədən bir neçə ailə çıxıb. Regionun turizm potensialı var deyə, bu əraziyə gediş-gəliş də çoxalacaq. Bu baxımdan, bütün işlər planlı və perspektivə hesablanmış şəkildə icra olunur.

Daha bir vacib detal onda ibarətdir ki, qarşımızda tək yaşayış məntəqələrini tikmək deyil, həm də onları bərpa etmək durur.

Məsələn, götürək Şuşanı. Açıq səma altında muzeydir. Şuşanın tarixi abidələrini, saray və məscidlərini, muzey və karvansaralarını bərpa etmək bizim üçün tarixi bərpa etmək deməkdir, ideoloji məsələdir. 30 ildir yalanla gözləri yumulan dünyaya tariximizi, Şuşanın kimə məxsusluğunu göstərməliyik. Fikrimcə, qarşımızda duran ən mühüm vəzifələrdən biri də budur.

Bu yanaşmanı biz tək Şuşaya deyil, istənilən şəhərə və kəndə münasibətdə tətbiq edə bilərik. Ağdamda Qarabağ xanlarının iqamətgahı, məscid, muzeylər var. Demək olar ki, hər bir kəndimiz tarixin bizə yadıgarıdır. Tuğ kəndini tarixi, memarlığı bilmədən bərpa etmək olarmı? Bu gün Qarabağda tariximizin bərpası onu erməni işğalından azad etmək qədər taleyüklü məsələdir, məsuliyyətdir. Mən əminəm ki, xalqımız başda Ali Baş Komandanı olmaqla bu tarixi missiyanın öhdəsindən gələcək. Biz XXI əsrə tək qalib xalq deyil, həm də qurucu xalq kimi də daxil olmuşuq”.

Visiontv.az