Qarabağdakı "ağıllı şəhər" və "ağıllı kənd"lər necə qorunacaq? - Ekspert rəyləri
09.05.2021

Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.

Bugünlərdə ölkə başçısı tərəfindən “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar sərəncam imzalanıb. Bu gün bir sıra ölkələrdə tətbiq edilən "Ağıllı şəhər" və "Ağıllı kənd"in yaratdığı üstünlüklər maraq doğurur, eləcə də bu sahədə yarana biləcək hansısa problemlər də diqqət mərkəzindədir.

Böyük Britaniya Milli Kiber Təhlükəsizlik Mərkəzi (NCSC) “ağıllı şəhər” (smart city) konsepsiyasının təhlükəli cəhətlərini sadalayan tövsiyələri təqdim edib.

Qurumun saytı xəbər verir ki, dövlət xidmətlərinin təkmilləşdirilməsinə yönələn bu cür texnologiyalar digər tərəfdən rəqib dövlətlərin infrastrukturu zədələməsi, məxfi məlumatları ələ keçirməsi ehtimalını artırır. Belə ki, “ağıllı şəhər”lər üçün texnologiya və avadanlıq tədarük edən əcnəbi tərəfdaşlar öz hökumət və xüsusi xidmət qurumlarının əlində məxfi məlumat əldə etmək alətinə çevrilə bilər. Bununla bağlı FT xəbər verir ki, ölkənin cənub-qərbindəki Bornmut Şəhər Şurasının “ağıllı şəhər” texnologiyalarını Çinin “Alibaba” şirkətindən tədarükünə dair saziş son anda əngəllənib. Sənəddə təhlükə mənbəyi hesab edilən ölkə və ya şirkətlər açıq qeyd olunmasa da, bu cür texnologiyaları həm ölkə daxilində tətbiq edənin, həm də ixrac edənin Çin olduğu bəllidir.

Ölkəmizdə tətbiq ediləcək "ağıllı şəhər" və " ağıllı kənd" layihələrində tətbiq ediləcək bu cür texnologiyalar digər tərəfdən rəqib dövlətlərin infrastrukturu zədələməsi, məxfi məlumatları ələ keçirməsi ehtimalını gündəmə gətirir. Layihə həyata keçirilən zaman belə təhlükə yarana bilərmi və bunun qarşısını əvvəldən almaq üçün istiqamətdə hansı addımlar atılmalıdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, “ağıllı kənd” deyərkən “ağıllı texnologiya” ifadəsindn istifadə daha uyğundur: "Məsələn, adi telefonun smart telefona keçməsi, telefon aləmində köhnə modeldən ağıllı sistemə keçmək deməkdir. "Ağıllı şəhər" o demək deyil ki, orada hər şey kosmik dərəcədə olacaq, bu, sadəcə insanların yaşayışı üçün texnioloji irəliləyişdir. Rahatlığın sadələşməsi, çətinlikdən uzaqlaşma, yüksək səviyyəli bir həyatdır. Hazırda “ağıllı evlər” var ki, kənardan mobil telefonla idarə olunur ki, burada internetin, işığın, qazın yandırıb söndürülməsi, bunlar hamısı ağıllı sistemə aiddir. "Ağıllı kənd" o demək deyil ki, hansısa böyük proqramlar əsasında bazalara giriş həyata keçiriləcək.

Yəni bu, bir haker qurğusu deyil, yaşayış səviyyəsinin yüksəlməsi deməkdir, bir modeldir. Bu gün Bakıda kompleks şəkildə tikilmiş villa qəsəbələr var ki, o qəsəbələrdə "ağıllı kənd" sisteminin bir hissəsi qurulub. "Ağıllı kənd"lərdə çox yüksək sürətli internetdən istifadə edilir. Ola bilər ki, həmin yüksək sürətli internet hansısa digər şəbəkələri qıra, maneələr törədə bilər. Bizdə indi qurulsa da, "ağıllı kənd" bir çox Avropa ölkələrində çoxdan tətbiq olunur".

Ekspert deyir ki, ümumiyyətlə, bu layihəni təhlükəsiz hesab edir, çünki insanların həyatının asanlaşdırılması üçün yaradılır:

"Bakının mərkəzində, bahalı binalarda hər şey "ağıllı kənd" tipli, mobil tətbiqlə idarə olunur. Burada təhlükəsizlik baxımından bazalarla bağlı problem ola bilir. Ancaq yüksək texnologiyalarla idarə olunan kosmik bazalar var ki, bu, o deyil. Sadəcə, kəndin bir modelidir və yüz faiz inanmıram ki, tam standartlara cavab verən bilən şeylər orada olsun. Bizdə Zəngilanın Ağalı kəndində qurulsa, bu irəliləyiş digər kəndlərə də sıçrayacaq. Uğurlu alınsa, nəinki işğaldan azad olunmuş, digər ərazilərdə də tətbiq ediləcək".

İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov Cebhe.info-ya bildirib ki, bu günlərdə ölkə başçısı "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb:

"Əslində, bu fərman tam yerinə düşdü. Artıq internetin olduğu hər bir yerə, avadanlığa, qurğuya, proqrama hücum olunub məlumatlar əldə olunmaqdan əlavə, idarə də oluna bilir. Yəni bir avtomatlaşma, skada sistemi varsa artıq oraya hücum olunub, o idarəetməni ələ almaq olur. Bunun bir örnəyini ötən ay Amerakının Florida ştatının bir şəhərində gördük, su sistemlərinə kiber hücum etdilər və az qalsın o şəhərin sakinlərini zəhərləyəcəkdilər. O suyun kimyasının üstündə oynayaraq, zərərli hala salaraq içməli su kimi buraxırdılar. Bu, o deməkdir ki, "ağıllı şəhər"və "ağıllı kənd"lərdə avtomatlaşdırma sistemləri quranda təbii ki, oraya potensial kiber hücum təhlükələri yaratmış oluruq. Bunun üçün biz elektron, avtomatlaşdırma xidmətlərimizi artırdıqca onları kiber hücumlardan qorumaq üçün də eyni çevikliklə bu prosesin üzərində işləməliyik. İnternetə qoşulan ağıllı elektron avadanlıqlara hücum və idarə oluna bilər ki, bu, birmənalı şəkildə belədir. Əvvəllər daha az idi, çünki xidmətlər də az idi, dövlət qurumlarının elektron xidmətləri az olduğu üçün qorumaq daha asan idi. İndi bütün xidmətlər elektrona keçir. Bütün dövlət qurumları vətəndaşla münasibətlərini elektron formada tənzimləmək istəyirlər, bu da o deməkdir ki, bütün sahələrdə təhlükə var.

Kritik informasiya infrastrukturları hər şeyi əhatə edir. Əgər əvvəllər müəyyən dövlət qurumlarını əhatə edirdisə indi bütün qurumları əhatə edir".

Ekspertin fikrincə, hətta kritik informasiya infrastrukturları smart şəhərləri də əhatə edir, çünki orada vətəndaşların ümumi təhlükəsizliyini təmin etmək lazımdır:

"Əgər maşınlar ağıllı idarəetmə ilə idarə olunacaqsa, bu, o deməkdir ki, bizim idarəmizdən əlavə, kənar idarəetmə potensialı da mövcuddur. Bu istiqamətdə çox geniş, planlı iş aparmaq lazımdır. Ən əsası dövrün texnologiyalarına ayaq uydurmaq lazımdır. Bir var ki, 10 il əvvəlki İKT infrastrukturumuzun üzərində iş quraq, bir də var ki, IV sənaye inqilabına keçid etmiş bir ölkəyik. Bu istiqamətdə işlər aparırıq, bütün qurulacaq olan "ağıllı şəhər", "ağıllı kənd" də IV sənaye inqilabına uyğun üsullarla, standartlarla davam eləməlidir və bu, bizim şansımızı daha da artıra bilər".

Cebhe.info