Qarabağda vəziyyətin gərginləşdirilməsində məqsəd nədir?
15.10.2021

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin törətdiyi növbəti terror aktı ölkədə ciddi rezonanas doğurdu. Haqlı olaraq ictimaiyyət ordumuzun sərt cavab verməsi üçün çağırışlar etdi.

Belə ki, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşilə qalib ordunun əsgəri Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Bundan əvvəl də qanunsuz erməni silahlı birləşmələrinin bu cür xain hücumlarının şahidi olmuşduq. Bu hücumlara görə ermənilər sərt cavablar da alıblar. Amma erməni xisləti və xaricdəki havadarların qızışdırıcılığı öz sözünü deyir və biz hələ də bu cür hücumların şahidi oluruq.

Hücumun Minskdə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi ilə eyni vaxta düşməsi də təsadüfi sayıla bilməz. Bununla bağlı ilk versiya budur ki, əgər hücumu Rusiya təşkil edibsə o zaman bu Azərbaycana təzyiq xarakteri daşıyır. Üçtərəfli Bəyanatın qəbulundan sonra şəhid xəbərlərinin gəlməsi Azərbaycan auditoriyasına mənfi təsir edir və gərginlik yaranır. Rəsmi Moskva da bunu hesablayaraq Azərbaycan tərəfinə bu cür addımla təsir və təzyiq göstərməyə çalışa bilər. Çünki Azərbaycan son dövrlər öz tələb və istəklərinin üzərində möhkəm dayanır və bir sıra hallarda sərt üslubdan istifadə edir.
İkinci versiya isə budur ki, əgər bu hücum Rusiyanın iradəsindən kənar baş veribsə o zaman təşkilatçı rəsmi Moskvanın təşəbbüslərinə qıcıqla yanaşır, onun boykot edilməsinə çalışır.

Azərbaycan Ordusuna Rusiya sülhməramlılarının kürəyinin arxasından atəş açılması xəbəri Rusiyanın vasitəçiliyini də, sülhyaratma çabalarını da təsir və təzyiq altına düşürür.

Hansı qüvvənin, kimin bu işi təşkil etməsindən asılı olmayaraq birmənalı şəkildə demək olar ki, Qarabağ münaqişəsinin bitdiyini elan edən Azərbaycana qarşı bu cür davranışlar təzyiq xarakterlidir və xüsusi məqsəd güdülür. Lakin çətin ki, 44 gündə düşməni əzməyi bacarmış Azərbaycana bununla təsir etmək mümkün olsun. Hadisənin baş verdiyi günün axşamı qanunsuz erməni silahlı birləşmələri arasında "atışmanın" baş verməsi ilə bağlı Azərbaycanın yaydığı xəbər, ermənilərin ölüləri və yaralıları haqqında verilən məlumat bir daha göstərir ki, rəsmi Bakını zorla nəyəsə məcbur etmək alınmayacaq.

Silahdan istifadə edildiyi halda cavab artıqlamasıyla veriləcək. Ən yaxşı yol stol arxasında konstruktiv şəkildə əməkdaşlıq və anlaşma əldə etməkdir.

Siyasi şərhçi Mübariz Göyüşlü

Visiontv.az