1965-ci ildə ingilis fiziki və riyaziyyatçısı Rocer Penrouz sübut etdi ki, Qara Dəliklərin mövcudluğu Albert Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsindən birbaşa nəticədir. Penrouz daha sonra göstərdi ki, Qara Dəliklərin daxilində sinqulyarlıq adlanan hədd vardır — burada məkan-zamanın əyriliyi sonsuzlaşır, səbəb-nəticə əlaqələri dağılır və bildiyimiz fizika qanunları keçərli olmur.
Sinqulyarlığa yaxınlaşdıqca keçmişi müəyyən edən bütün məlumatlar itir. Çünki məkan-zamanın strukturu o qədər bükülür ki, “keçmiş” və “gələcək” anlayışları fiziki mənada mənasızlaşır. Qara Dəlikdəki cazibə qüvvəsi zaman oxunu tək istiqamətə — mərkəzə doğru məcbur edir və hər bir yol sinqulyarlığa aparır.
Bu mühitdə gələcək deterministik olmur; əksinə, sonsuz ehtimallar yaradır. Xarici müşahidəçiyə görə Qara Dəlik sanki məlumatı udub yox edir, lakin daxili müşahidəçi üçün zamanın strukturu çoxvariantlı və qeyri-müəyyən olur. Penrouzun təsvir etdiyi bu paradoks sonradan Stiven Hokinqin də araşdırmalarının əsas xəttinə çevrildi.
Qara Dəliklər bizə göstərir ki, kainatın bəzi nöqtələrində nə determinizm, nə klassik zaman, nə də ənənəvi fizika anlayışları işləyir. Keçmişin silindiyi, gələcəyin isə çoxsaylı mümkün yollar kimi açıldığı bu ekstremal bölgələr kainatın ən dərin sirlərindən biridir.
İbrahim Nəbioğlu
visiontv.az