“20 Yanvar Ümumxalq Hüzn günü və müstəqilliyimizin əldə edilməsində dönüş mərhələsidir”.
Visiontv.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
Qanlı yanvar hadisələrindən bir neçə ay öncə baş verən siyasi durumu şərh edən deputat xatırladıb ki, hələ 1989-cu il 23 sentyabrında Azərbaycan SSR Ali Sovetinin suverenlik haqqında qanun qəbul etməsi Azərbaycan xalqında öz müstəqilliyinə qovuşmaq istəyini daha da gücləndirdi: “Təsadüfi deyil ki, mənzil qərargahı Nyu-Yorkda yerləşən “Newsweek Journal” Azərbaycan xalqını “İlin xalqı” elan etmiş, milyonların qlobal miqyasda mütaliə etdiyi jurnalın ön səhifəsində bir milyon insanın toplaşdığı Bakı Azadlıq meydanının fotosunu vermişdi”.
Deputat söyləyib ki, Sovet imperiyasının rəhbərliyi Azərbaycan xalqının azadlıq və öz ərazi bütövlüyünü qorumaq tələbini qan içində boğmaq niyyəti ilə silaha əl atdı: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarıldı. Tərkibində erməni zabit və əsgərlər olan 66 min nəfərlik ordu ağır texnikalardan və müxtəlif tipli silahlardan Azərbaycan xalqını atəşə tutaraq kütləvi şəkildə qətlə yetirdilər. Fövqəladə vəziyyət elan edildikdən sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə, respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu”.
R.Nəbiyev vurğulayıb ki, bu qanlı terror hadisəsi belə xalqımızın istiqlaliyyət tələbinin qarşısını ala bilmədi: “Əksinə, 20 Yanvar hadisəsi nüvə arsenalına malik, 200 milyondan çox əhalisi olan, nəhəng Sovet imperiyasının idarəçilik sütununu sarsıtdı, Sovetlər İttifaqının digər respublikalarında da müstəqillik hərəkatının alovlanmasına öz töhfəsini verdi. Bir il yarım müddət keçdikdən sonra, Azərbaycan parlamenti hələ 1991-cı ilin 30 avqustunda Müstəqillik haqqında Bəyannamə, 1991-ci ilin 18 oktybarında Müstəqillik haqqında Konstitutsiya Aktını qəbul etdi”.
Milli Məclisin deputatı bildirib ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiyməti özünün və ailə üzvlərinin həyatını riskə qoyaraq Ümummilli Liderimiz Heydər Əliyev verdi: “Siyasi büro üzvlüyünə qədər siyasi karyera yüksəlişi yaşamış Heydər Əliyev kimi nüfuzlu dövlət xadiminin 20 Yanvar hadisələrinə verdiyi siyasi qiymət informasiya blokadasına alınmış dövlətimiz haqqında həqiqətlərin yayılmasına mühüm töhfə verdi. Ümummilli Lider illər sonra bildirdi ki, “biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub”. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edilmişdir. Daha sonra, 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilmişdir. Milli Məclisin qəbul etdiyi həmin Qərarda 20 yanvar faciəsinin günahkarları konkret qeyd olunmuş, bu qanlı aksiya hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir. Qərara əsasən, həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirilmiş, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmış, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilmiş, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisəsinə xüsusi diqqəti sayəsində onun Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir”.
R.Nəbiyev qeyd edib ki, ermənilərin uzun illər təbliğatını apardığı yalançı və 20 Yanvar hadisələrinə kölgə salan “1990-ci erməni poqromu” iddiası da Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın ifşaedici açıqlamaları ilə alt-üst oldu: “Buna baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyi cari il yanvarın 15-də verdiyi bəyanatda “Azərbaycan SSRİ-də ermənilərə qarşı qanunsuzluq törədildiyi” barədə əsassız və böhtan dolu iddialar yenidən yer aldı. 1993-cü il 23 iyul tarixində etdiyi çıxışla Prezident Ter-Petrosyan etiraf etdi ki, etnik təmizləmə və işğal Ermənistan hökumətinin dövlət siyasəti olub. Nəinki Ermənistandan azərbaycanlıların qovulması, hətta Azərbaycandan ermənilərin köçünün təşkili Ermənistan rəhbərliyinin niyyətinin və düşünülmüş planının nəticəsində baş vermişdir. İnsan iztiraba düçar etmək faşit ideologiyasına xidmət edən Ter-Petrosyan hökumətinin əlində alət olub. Ter-Petrosyanın çıxışında etiraf etdi ki, “Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem”. Ermənistan L.Ter-Petrosyanın da etiraf etdiyi kimi Azərbaycan SSRİ-dən ermənilərin köçü məhz Ermənistan tərəfindən təşkil edilib. Etnik təmizləmə törədən, irqçil və mono-etnik siyasət yürüdən Ermənistan rəhbərliyinin niyyəti Ermənistanda mono-etnikdövlət yaratmaq olmuşdur və buna da nail oldular”.
“Şəhidlərimizin qanı yerdə qalmadı. Xalqımızın Lideri, Prezident İlham Əliyevin məharətli hərb, və siyasi-diplomatik strategiyası əsasında Şanlı Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Ali Baş Komandan Şuşanın azad olmasından sonra Qələbə müjdəsini də Şəhidlər Xiyabanından verdi. Cənab Prezident Qərbi Avropa dövlətlərindən birinə etdiyi səfərdə mətbuata etdiyi müraciətində vurğuladı ki, Azərbaycan xalqı döyüş meydanında ərazi bütövlüyünü, suverenliyini və ləyaqətini bərpa etdi. Şəhidlərimizin görmək istədiyi azad və güclü Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyi altında bu gün hərbi və siyasi-diplomatik cəbhədə mövqelərini gücləndir, beynəlxalq nüfuzu artır, yeni tərəfdaşlar qazanır. 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal xarakterli antiterror tədbirlər nəticəsində regionda yaranmış yeni siyasi reallıqlar daha geniş coğrafiyada sülh və sabitlik şəraitində əməkdaşlığa və birgə inkişafa töhfə verməkdədir”, - deputat əlavə edib.