Putinin neoimper düşüncəsi ən çox Qazaxıstanda təpki ilə qarşılanır
Putinin neoimper düşüncəsi ən çox Qazaxıstanda təpki ilə qarşılanır
03.12.2024 Bəybala Mirzəyev Tərəfindən

Rus dilinin postsovet ölkələrində yenidən hökmran mövqe qazanmasına səy göstərən Rusiya prezidenti Vladimir Putinin bu neoimper düşüncəsi, istəyi hazırda ən çox məhz Qazaxıstanda təpki ilə qarşılanır.

Milli şüur hissinin gün-gündən gücləndiyi Qazaxıstanda insanların öz ana dillərinə sahiblənmək, qazax türkcəsinə qayıdış çabaları artıq qarşısıalınmaz prosesə, sürəcə çevrilir.

Belə bir fonda Putinin bir neçə gün öncə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransında çıxış edərkən Qazaxıstanın “praktiki olaraq demək olar ki, rusdilli ölkə” olduğunu iddia etməsi absurddur və özünü aldatmaq əlamətidir.

Yeri gəlmişkən, Putin Ermənistanda rus dilinin getdikcə sürətlə arxa plana keçməsinə, ermənilər arasında ingilis və fransız dilinin üstünlük qazanmasına heçnə deyə bilmir, ancaq türk dövlətlərində isə rus dilinin aparıcı dil olması üçün canfəşanlıq edir.

Elə sovet dövründə də türk xalqları Kreml tərəfindən hamıdan çox assimilyasiyaya məruz qalmış, əlifbaları dəyişdirilmiş, dilləri önəmsiz hala gətirilmişdi.

Ancaq indi sovet dövrü deyil. İndi Kremlin oxşar siyasəti haqlı olaraq təpki ilə qarşılanır.

Bəybala Mirzəyev

visiontv.az