Prezidentin hər bir səfər Qarabağın əsil sahiblərinin doğma yerlərə qayıdışını sürətləndirir
Prezidentin hər bir səfər Qarabağın əsil sahiblərinin doğma yerlərə qayıdışını sürətləndirir
31.08.2021 Nəsib Məhəməliyev Tərəfindən

Prezidentin Qarabağa etdiyi hər bir səfər, uğur, infrastruktur layihələrinin icrası, yenilərinin təməl qoyulması, inkişaf deməkdir. Erməni vandallarının 30 il ərzində xarabazara döndərdiyi yerlərin cənnət-məkana çevrilməsi ilə tarixə düşür. Eyni zamanda hər bir səfər Qarabağın əsil sahiblərinin doğma yerlərə qayıdışını sürətləndirir. İndiki vəziyyətdə dünyanın gözü Qarabağda, ümumiyyətlə bölgədə gedən proseslərdədir və işğaldan azad olunmuş torpaqlarda aparılan işlərin sürəti, keyfiyyəti hər kəsi sözün yaxşı mənasında təəccübləndirir.

Cəmi 8 ay ərzində ən müasir standartlara cavab verən Füzuli Beynəlxalq hava limanının tikintisi, maqistral yolların çəkilişi, tarixi abidələrin bərpası, elektrik, qaz, su xəttlərinin çəkilişi, yeni yaşayış və inzibati binaların tikintisi, mədəniyyət tədbirlərinin təşkili, Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Nəzərə almaq lazımdır ki, həmin ərazilərdə paralel olaraq, minalardan təmizləmə əməliyyatları keçirilir və bu da təbii olaraq, ciddi problemlər yaradır. 


  Aparılan bərpa işlərinin siyasi əhəmiyyəti ondan ibarətdir ku, dünyaya göstəririk ki, bu torpaqlar, ermənilərdən fərqli olaraq bizə doğmadır. Biz burada müvəqqəti yox, əbədi məskunlaşmağı planlaşdırırıq və tarixdə buraxılmış səhvlərin təkrar olunmasına imkan verməyəcəyik. Hər kəs bunu anlamalı və reallıqla barışmalıdır. 
  İqtisadi əhəmiyyətinə gəldikdə isə, artıq Prezidentin fərmanı ilə, iki yeni iqtisadi rayon yaradılmış və regionun gələcək sosial-iqtisadi inkişafını təmin edəcək layihələrin icrası nəzərdə tutulur. Qarabağ regionu kifayət qədər təbii sərvətlərlə, münbit torpaqları və su resursları ilə zəngindir. Bütün bunlar respublika iqtisadiyyatına əlavə güc qatmaqla, daha da böyüməsinə, yerli xammala söykənən yeni istehsal müəssisələrinin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin artmasına səbəb olacaqdır.

visiontv.az