İran prezidenti Məsud Pezeşkianın su çatışmazlığı və paytaxtın təxliyə olunması barədə çıxışı SEPAH-a bağlı medianın sərt reaksiyasına səbəb olub.
Bu qəbildən olan tənqidlərdən biri "Cavan" xəbər agentliyi tərəfindən səsləndirilib.
Agentlik prezidentin çıxışını "xalq arasında vahimə yaratmaq" kimi dəyərləndirib, bundan "düşmənlərin istifadə etdiyini" iddia edib:
"Su çatışmazlığı böhranını idarə etmək üçün heç bir planın olmadığı niyə deyilməlidir? Düşmən hələ də hər hadisədən və ya düşünülməmiş şərhdən media dalğası yaratmaq üçün istifadə edir".
Əli Xaməneinin ofisinin media orqanı olan "Keyhan" qəzeti də oxşar yazı ilə çıxış edib və Məsud Pezeşkianı cəmiyyətdə ümidsizlik yaratmaqda günahlandırıb:
Qəzetin iddiasına görə, prezidentin su çatışmazlığı barədə bəyanatı, "düşmənlərə ölkənin zəifliyi və acizliyi barədə mesaj ötürür".
SEPAH-ın başqa media orqanı olan "Fars" xəbər agentliyi isə cəmiyyətdə iqtisadi çətinliklərin hökm sürdüyü bir vaxtda, onları təşvişə salacaq bəyanatların verilməsinin yersiz olduğunu yazıb.
Qeyd edək ki, Məsud Pezeşkian iki gün əvvəl Tehranda su çatışmazlığı probleminin böhran həddinə çatdığını və vəziyyətin belə davam edəcəyi təqdirdə paytaxtın köçürülməsinin qaçılmaz olduğunu bildirib.
visiontv.az