Paşinyanın Ərdoğanla görüşmək istəyində maraqlı olan daha bir tərəf var
Paşinyanın Ərdoğanla görüşmək istəyində maraqlı olan daha bir tərəf var
20.09.2021 Sahib Alıyev Tərəfindən

Bəlli oldu ki, Paşinyan cənab Ərdoğanla görüşmək istəyir və bunun üçün Gürcüstan rəhbərliyini elçi salıbmış. Bu isə o deməkdir ki, həmən görüşdə maraqlı olan daha bir tərəf var- Birləşmiş Ştatlar. Türkiyə Prezidentinin Amerikaya səfəri öncəsi belə bir açıqlamada bulunması hər halda bu məsələnin oradakı danışıqlarda da gündəmdə olacağı ehtimalı yaradır.

Cənab Ərdoğan Paşinyanla görüşə o halda razılıq verəcəyini bildirdi ki, Ermənistan müsbət addımlar atsın. Müsbət addımlar deyiləndə nə nəzərdə tutulduğu isə kimsəyə sirr olmasın gərək. Rəsmi İrəvan onun üzünə hamıdan çox lazım olan o müsbət addımları atacaqmı? Atmaq istəsə asılı olduğu güc onu buna qoyacaqmı, 1999-cu ilin oktyabrında baş verənlər təkrarlanmayacaq ki, gələcək göstərəcək.

Amma bir şey bəri başdan aydındır. Qarabağda qanunsuz silahlı dəstə qalmayacaq. Onlar ya özləri oradan  rədd olub gedəcəklər,  ya Rusiya hərbçilərinin üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmələri nəticəsində buxarlanacaqlar, ya da bunu Azərbaycan edəcək. Və əgər qardaş Türkiyənin bu yaz Liviyada uğurla sınaqdan çıxardığı cəmisi 8 kq çəkisi olan KARGU-2 dronlarından faydalanmaqla bu edilərsə, o zaman bəlli çevrələr dinc adamlar qırılır deyə haray-həşir salıb əks tədbirlər də görə bilməyəcəklər.
Görünür, bunu proqnozlaşdırmaları səbəbindəndir ki, haylara havadarlıq adı altında onlardan geosiyasi alət kimi istifadə edənlər ötən günlərdə MÜVƏQQƏTİ kontrollarında olan torpaqlarda antidron təlimləri keçirirdilər.

Amma bir reallıq var ki,  KARGU-2 deyəndə sürü halında GPS-siz belə çalışa bilən, süni intellektli, operatora ehtiyac duymadan özü hədəfi müəyyənləşdirb özü də zərərsizləşdirən, yaxud da bu missiyanı kamikadze ALPAGU-ya ötürən, TOGAN kimi digər dronlarla koordinasiyalı hərəkət etməyi  bacaran çoxfunksiyalı uçuş aparatından söhbət gedir. Onlarla mübarizə isə Bayraktarla olduğundan da çətindir.

Beləliklə, Qarabağdakı qanunsuz silahlı dəstələrinin bütün rəhbər heyətinin səs və görüntü kartotekasını yaddaşına yükləməklə   cəmisi bir metrliklərindəkilərə belə xətər yetirmədən KARGU-2 onları məhv etmək qüdrətindədir. Az öncə də qeyd etdiyimiz kimi artıq Liviyada bu sınaqdan keçirilib və dünya hərb tarixində ilk dəfə Türkiyə dronu avtomom olaraq özü hədəfi axtarıb tapıb, özü də məhv edib.

Gözləsinlər, bir gün qəflətən gələcəklər.

Millət vəkili Sahib Alıyev

Visiontv.az