Paşinyan Azərbaycanla bütün məsələləri paralel həll etmək istəyir
18.06.2024

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistanda referendum keçirməlidir.

Paşinyan sonrakı cümləsində birinci cümləsini inkar edən fikir söyləyib: “Biz düzgün başa düşməliyik - Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik”. Sovet dövrünün sərhədlərini bərpa edirsənsə, referenduma nə ehtiyac var? Məgər vaxtilə Azərbaycana aid olan kəndlər referendum yolu ilə işğal edilmişdi ki, indi həmin kəndləri geri qaytarmaq üçün referendum keçirilsin? Paşinyan referendum söhbətini ortaya atmaqla sanki Bakıya belə bir mesaj göndərib ki, “4 kəndi geri qaytarsam da, o biri 4 kəndi qaytarmaq üçün təkbaşına qərar verə bilməyəcəm”. Paşinyan daha əvvəl isə demişdi ki, kommunikasiya xətlərinin açılması sülh sazişindən əvvəl həyata keçirilə bilər. Deyəsən Paşinyan Azərbaycanla bütün məsələləri, o cümlədən, sərhəd, kommunikasiya xətləri və sülh sazişini paralel həll etmək istəyir. Ancaq o bunu istəyərkən elə təkliflər verir ki, həlləri çətindir.

Elxan Şahinoğlu

visiontv.az