Ölkəmizin də diqqətlə izləyəcəyi ABŞ və Türkiyə prezidentlərini görüşü çox vacib və həyəcanvericidir
Ölkəmizin də diqqətlə izləyəcəyi ABŞ və Türkiyə prezidentlərini görüşü çox vacib və həyəcanvericidir
07.06.2021 Elman Sadıqov Tərəfindən

14-20 iyun tarixlərində ABŞ-Türkiyə, ABŞ-Rusiya prezidentlərinin görüşləri, NATO ölkələri başçılarının sammiti, Avropa Birliyi-ABŞ ölkə başçılarının sammiti önəmli hadisələr ən azı növbəti 1 il üçün dünyanın siyasi və iqtisadi platformalarında gedişatı və tendensiyaları təxmin etməyə, müəyyən dərəcədə proznozlaşdırmağa imkan verəcək. Ölkəmizin də diqqətlə izləyəcəyi və gözlədiyi ABŞ və Türkiyə prezidentlərini görüşü çox vacib və həyəcanvericidir. Bu görüş həm də Türkiyə iqtisadiyyatının vəziyyətinə və bundan sonrakı taleyinə də təsir göstərəcək.

Düşdüyü böhranlardan çıxma və güclənmə təcrübəsi olan qardaş ölkə Türkiyə bu dəfə nisbətən fərqli vəziyyətdədir. Öncəki böhranlar dövründə S-400 məsələsi və bu məsələdən qaynaqlanan digər siyasi və iqtisadi təzyiqlər də yox idi. Ən əsası isə, güclü istehsal gücü, formalaşmış iqtisadi sistemi, ixracatı olan Türkiyənin əlini bağlayan ən böyük amil monetar siyasətdir. Valyuta ehtiyatlarının əriməsi isə Türkiyənin bərpa dövründə əl-qolunu bağlayan əsas amillərdən birinə çevrildi. Görüşün müvəffəqiyyətli keçməsinin ən böyük müsbət nəticələrindən biri də Türkiyəyə investisiya/valyuta girişinin artması olar.

Əsas çətinliklərdən biri də Türkiyənin həm faiz, həm məşğulluq, həm də valyuta ehtiyatları problemlərini (siyasi məsələlərə toxunmuram) eyni zamanda həll etməyə məhkum olması deyil. Zatən böhranlar zamanı bu problemlərin hamısı ortaya çıxır və həlli vacib məsələlərə çevrilir. Əsas çətinlik bu məsələlərin həllinin bir-birlərini dəstəkləyən deyil, bir-birlərinə mane olan, boğan amillər olmasıdır. Yəni, birinin həlli digərinin vəziyyətini daha da çətinləşdirir. Daxili imkanlar hesabına həlli getdikcə çətinləşən bu problemləri xaricdən daxil olacaq investisiyalar və təzyiqlərin azalması hesabına daha sürətlə həll etmək mümkündür. Turizmin artması xidmət sektoruna valyuta axını və nisbətən də məşğulluq problemlərinin yumşalması (tam həlli deyil) deməkdir. (Əgər olarsa) təkcə turizm sektorunda ölkəyə girən valyutanın digər sahələrdəki problemlərin həllinə dəstək ola bilməsi ehtimalı vardır, amma bütün problemlərin həllinə dərman ola biləcəyi inandırıcı deyil. Bu isə yaranın sağalması deyil, ağrısının nisbətən azalması deməkdir.

Siyasi tərəfdən isə, 14 iyunda baş tutması gözlənilən ABŞ-Türkiyə prezidentlərinin görüşü taleyüklü bir görüş kimi təkcə Türkiyəni, Azərbaycanı deyil, həm də Yaxın Şərqi, Avropanı, Çini, Rusiyanı, Böyük Britaniyanı, digər NATO ölkələrini və ABŞ-ın özünü də ciddi şəkildə maraqlandırır və diqqət mərkəzindədir.

P.S. İqtisadiyyat çox çətin bir sahədir. Bir çox hallarda ölkələr elə incə tələlərə düşürlər ki, oradan nəinki cibi boş, hətta borc içində çıxmağa məcbur olurlar. Ölkələrdəki valyuta ehtiyatlarının, fondların və (ölkə xaricindəki) hesabların əri(dil)məsi və ya azal(dıl)ması ilə bağlı 2019-cu ildə televiziya kanallarında bir neçə çıxışımda proqnozlarımı səsləndirmişdim. Proses hələ indi başlayır. Tədricən və davamlı xarakter daşıyacaq. Bu vəziyyətlə qarşılaşan ölkələrdən birinin də qardaş Türkiyənin olması təəssüf doğurur.

Rusiya da valyuta ehtiyatlarında dolların avro, qızıl, funt sterlinq və digər valyutalarla əvəzlənəcəyi planını açıqladı. Əvəzləmə prosesi realdır, amma nəticələrinin proqnozlaşdırılması çətin. Bu baş verərsə, nəticəni zaman göstərəcək.

Elman Sadıqov

Visiontv.az