Ölkəmizdəki binaların zəlzələyə davamlılığı nə dərəcədədir?
Ölkəmizdəki binaların zəlzələyə davamlılığı nə dərəcədədir?
06.02.2023 MEDİA Tərəfindən

Bu gün səhər saatlarında Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ olub.Yerin 7 kilometr dərinliyində meydana gələn zəlzələ Kayseri, Malatya, Diyarbəkir, Qaziantep və paytaxt Ankarada da hiss olunub.Eyni zamanda bildirilib ki, Qaziantepin Nurdağı bölgəsində 6,4 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 6.98 kilometr dərinliyində meydana gəlib. Foto və video görüntülərdən də aydın şəkildə müşahidə edirik ki, bir çox binalar tamamilə yararsız hala düşüb. Bəs ümumiyyətlə binaların zəlzələlərəm davamlılığı necə nəzərə alınır? Bununla ilə bağlı müxtəlif araşdırmaları sizə təqdime edirik:

Bu mövzu ətrafında müxtəlif mütəxəssislərin fikirləri mövcuddur. Azərbaycanda və xüsusən də paytaxt Bakıda binalarına hər hansısa bir təkana qarşı davamlılığı nə dərəcədə güvəndədir? Bəzi mütəxəsisslər hesab edir ki,  tikintinin sürətləndiyi zamanlarda bir çox dayanıqsız, arxitektur tələblərə cavab verməyən binalar tikilib ki, bunların zəlzələ ilə bağlı ciddi təhlükəsi qaçılmazdır.

Məlum məsələdir ki, heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. 2000-ci illərdə ölkəmizdə baş verən gülü zəlzələlər də göstərdi ki, Azərbaycan seysmoloji zonada yerləşir və hər an bu cür arzuolunmaz hadisələr baş verə bilər. Bunu hər hansı bir rəqəmlə açıqlamaq çətindir ki, hansı bina neçə bal zəlzələyə davamlıdır.  Çünki hər bir  sahibkar binanı tikərkən onun zəlzələyə davamlılığını sənədlərdə göstərir və aidiyyatı dövlət qurumları bunu təsdiqləyirlər. Fövqəladə Hallar Nazirliyi və onun ayrı-ayrı strukturları binanın davamlılığını yoxlayır və tikintiyə icazə verir. Bu gün hər hansı bir qeyri-hökumət təşkilatının, ekspertin və yaxud monitorinq aparan təşkilatın hazırki binaların zəlzələyə davamlılığı ilə bağlı hər hansı rəqəm açıqlaması bir qədər gülünc olardı. Çünki, nə onun üçün texniki imkanlar mövcud deyil, nə də bununla bağlı Azərbaycanda tam şəffaf rəsmi informasiya yoxdur. Bu səbəbdən Bakıda binaların neçə bal zəlzələyə tab gətirəcəyini demək mümkün deyil. Bu gün biz onu da deyə bilmərik ki, tikinti şirkətlərinin o balla bağlı açıqladığı rəqəmlər həqiqəti əks etdirir, yoxsa yox... Tikinti şirkəti elan edə bilər ki, bina 9 ballıq zəlzələyə uyğundur. Bu məlumatın həqiqətə uyğun olub-olmadığını isə Fövqəladə Hallar Nazirliyi yoxlayıb, təsdiq etməlidir. Tikintinin sürətləndiyi zamanlarda bir çox dayanıqsız, arxitektur tələblərə cavab verməyən binalar tikilib ki, bu binaların zəlzələ ilə bağlı ciddi təhlükəsi var. Həmin binalarda araşdırma aparılmalı və dayanıqlığı qiymətləndirilməlidir. Bəzi binaların istismar müddəti artıq çoxdan bitib. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti son illərdə xüsusilə şəhərin yol kənarlarında yerləşən binalarda bərkitmə işləri aparır. Ancaq nəzərə alsaq ki, binanın dayanıqlığı sadəcə, onun kənarının bərkidilməsi ilə təmin olunmur, həm də binanın özülü tikinti-təhlükəsizlik standartlarına cavab verməlidir, dayanıqlı olmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin apardığı iş sadəcə, kosmetik xarakter daşıyır. “Xruşşovka”, “Stalin”, “İtalyan” və bunlardan əvvəl tikilmiş bir çox layihələr bu gün artıq texniki baxımdan istismar müddətini başa vurub. Azərbaycanda hər hansı bir fövqəladə hadisə, yüksək ballı zəlzələ baş versə, həmin binalar üçün çox böyük təhlükə yarana bilər.

Sovet dövründə tikilən binalar 8 bala hesablanmışdı. Hazırki tələblərə görə isə, tikililər 9 bala hesablanmalıdır. Yeni çoxmərtəbəli binalar ekspertizadan keçəndə o tələb yoxlanılır ki, tikinti layihəsi 9 ballıq zəlzələyə davamlı olmalıdır. Azərbaycanda tikinti qanunvericiliyində belə bir tələb var ki, Bakı şəhərində yeni tikilən binalar 9 bala davamlı olmalıdır. Bizim laboratoriyamız yoxdur ki, bu tikintilərin həqiqətən 9 ballıq zəlzələyə dözümlü olub-olmadığını yoxlayaq. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi buna nəzarət edir və tikinti prosesinin hər bir mərhələsində yoxlamalar aparır, akt tərtib edir. Köhnə binaların zəlzələyə davamlı olmasına gəlincə, 2000-ci ildə baş verən zəlzələdən bu binalar üzüağ çıxdılar. Hər hansı ciddi hadisə baş vermədi. Amma həmin binaların kapitallıq qrupu 3-cü qrupdur. Bu qrupdan olan binaların istismar müddəti 100 ildir. Təbii ki, onlar vaxtlı-vaxtında təmir olunmalıdır. Ancaq bu binalar hazırda təhlükəsizlik cəhətdən öz ömürlərini baş vurublar. Yəni, həmin binaların sökülüb, yenidən tikilməsi vacibdir. Xüsusən də, “alman evləri”, “xruşşovkalar”, “stalinkalar” günün tələblərinə vermirlər. Bu binalar aşılanmaya məruz qalıblar və dəyişilməyə ehtiyac var. Digər tərəfdən də köhnə, sovet dövründə tikilən binalar yoxlanılır və müvafiq rəylər tədbir görülməsi üçün icra hakimiyyəti orqanlarına verilir. Nazirlər Kabineti səviyyəsində də bu məsələ ilə bağlı deyilib ki, Bakıda istismar müddəti bitmiş binalar da var, ancaq bu məsələ icra orqanlarının işidir. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi ekspertizanı həyata keçirir, monitorinqləri aparır, müvafiq texniki rəyləri ümumiləşdirib, yuxarı instansiyalara verir. Yeni Tikinti Məcəlləsində  tikilməkdə olan binalara yeni tələblər qoyulur və tikinti prosesi bütün mərhələlərdə dövlətin nəzarəti altında olur. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyinin rəy verdiyi bütün binalar sakinlər üçün təhlükəsizdir.

Visiontv.az