O yollar, o evlər, o kitabxana və o teatr...- Əkbər Qoşalı
O yollar, o evlər, o kitabxana və o teatr...- Əkbər Qoşalı
15.03.2021 Əkbər Qoşalı Tərəfindən

Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup KİV və QHT başçısı, bloqgerlər və ictimai fəallar, Prezidentin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə martın 13-də Ağdam rayonuna səfər etdi. Bəlli olduğu kimi Ağdam ötən il, noyabrın 20-də işğaldan azad olunub. Ağdama səfər imkanına görə göydə Tanrıya, yerdə dövlətimizə, Ali Baş Komandanımız başda olmaqla müzəffər Silahlı Qüvvələrimizə minnətdarıq, minnətdarıq. Şəhidlərimizi ehtiramla anır, yaralı qazilərimizin sağalmasını, itkinlərimizin tezliklə tapılmasını Tanrıdan təmənna edirik.

Ağdama səfərə yollanarkən ilk öncə minnətdarlıq və şükran duyğularım dilə gəldi, sonra, Ağdamın Ağdam vaxtlarının tərifini, tərənnümünü xatırladım. Və... budur, şəhər – daha doğrusu, şəhər yerinə gəlib çatırıq: şəhər atom bombası atılmış yapon şəhərləri Xirosima və Naqasakidən daha betər haldadır, desək, yanlış olmaz. O tərifli şəhərdən dörd divar belə tam qalmayıb... Dövlət başçısının dəqiq ifadəsi ilə desək, elə bil vəhşi qəbilə keçib burdan – vəhşi qəbilə! Təfəkkürcə, davranışca vəhşi qəbilə, silah-sursat baxımından möhkəm təmin edilmiş, dişindən-dırnağınacan ağır silahlanmış “müasir, mədəni” ermənilər... Üstəlik, o qəbilə təfəkkürlü, müasir silahlı ermənilər Ağdamı müharibənin gedişində bugünə salmayıb, illa da işğaldan sonra viran ediblər şəhəri. Demək, məqsədyönlü, düşünülmüş, planlı, rahat bir dağıdıcılıq prosesi icra ediblər. Hər şey bir yana: kitabxananı dağıdıblar, Dram Teatrını dağıdıblar... – Bə, hanı mədəniydilər? Mədəniyyətin “m” hərfini bilənlər kitabxana, teatr dağıdarmı?

Bu mənim Ağdam şəhərinə ilk səfərim idi.

Ağdam!

Qarabağımızın Ağdamı...

Biz o şəhəri salanda adına Ağdam demişdik... İşğalçılar oranı 27 il içində  qara dam etdi. Biz ağ evlər qurmuşduq, ermənilər dağıtdığını dağıtdı, dağıtmadığını, biləvasitə qara dam kimi istifadə etdi...

Qədim dövrlərdə mədəni, mədəniyyətli sözü şəhərdə yaşayan, şəhərdə yaşaya bilən sözlərinin ekvivalenti olub; nə qədimliyi, nə də gələcəyi olmayan köksüzlərin uğursuz dövləti, o dövlətin silahlı qüvvələri şəhər kimi şəhər Ağdamın daşını daş üstə qoymayıb...

Bəli, bu bilinən faktdır, bəli, çox deyilib, çox yazılıb amma daha deyilməməli, daha yazılmamalıdırmı?

Bizim Ağdam səfəri müddətində paylaşdığımız şəkillərə fəqrli ölkələrdəki dostların, aydınların reaksiyaları ilə tanış oluram və bir daha görürəm ki, deyilincə, yazılınca, göstərilincə Qarabağda olub-bitənlər ürəklərdə, yaddaşlarda yuvalanır, yeni ünvanlar qazanır, necə deyərlər, ibrət olur... – İşğal dövründə deyib, yazıb, göstərdiklərimiz bir başqa, indi bir başqadır. Biz ağlaşma qurmuruq, biz, necə deyərlər, quru həqiqətin özünü göstəririk: görün, biz necə bir vəhşilik üzərində qələbə çalmışıq! – Çətin və şərəfli qələbə!
Bəli, Ağdam şəhərində yalnız Ağdamın şəhər yeri qalıb. Erməni izlərini silmək, əlbəttə, mümkün olacaq – minalar təmizlənəcək, yollar, digər infrastrukturlar bərpa ediləcək, planlı şəhər salınacaq amma 30 il yox, 300 il keçsə də, başımıza gələnləri unuda bilməyəcəyik. Ermənilərə Ağdamı qara dama döndərmək kimi aşağılıq hərəkətlərinin xəcalətini yaşadacağıq. Xəcalətli düşmənimiz olacaq! Yolu, evi, qəbirstanlığı, kitabxananı, teatrı, məscidi... dağıdan dövlət, xalq, cəmiyyət, fərd... ömrü boyu xəcalətdən qurtula bilməz..

O yollar bir zamanlar ümidə, inama, sevgiyə aparmışdı...

Çörəyə, işə aparmışdı o yollar – dağıdılan, kol-kos basan yollar...

İşığa, gələcəyə aparmışdı yollar – yolsuzluların yolluqdan çıxardığı Ağdam yolları...

İndi yalnız qaralan yerləri görsənən Ağdam evlərində körpə qığıltısı eşidilmişdi bir zamanlar...

O evlərdə şənliklər keçirilmiş, uzun qış gecəsi qonşuların bitib-tükənməyin şirin söhbətləri olmuşdu...

Erməni qonaqlar da ağırlanmış, süfrələr açılmışdı onlara...

O evlərə can verilmişdi, o evlərdə can verilmişdi...

O qəbirstanlıqlar bir ibrət bağçasıydı...

O qəbirstanlıqda pıçıltı ilə də, fəğan edərək də ağlamışdı Ağdamlılar, öz doğmaları ilə dərdləşmişdilər oralarda...

O kitabxanada qiymətli kitablar qorunurdu...

O kitabxanada xalqlar dostluğunu tərənnüm edən əsərlər vardı...

O kitabxanada kitabın tanışdırdığı gənclər olmuşdu, o tanışlıqlardan tale birlikləri çıxmışdı...

O teatrın açılış toy bayram olmuşdu...

O teatrda alqışlar... təbriklər... divarların daş yaddaşına çökmüşdü...

O teatrın divarları necə gərgin məşqlərə şahid olmuş... o teatrda necə tamaşalar oynanmışdı...

O tamaşaların hazırlığı prosesində alın təri tökülmüşdü döşəməyə... ermənilər qan tökdü...

O teatrda sənətçilərə güllər-çiçəklər verilmişdi... Ermənilər gül yerinə güllə gətirdi teatra...

O Cümə məscidində dualar edilmişdi,  Tanrıya şükürlər oxunmuşdu...

İnsanlar xeyirxahlığa, barışa, dostluğa-qardaşlığa çağırılmışdı o məsciddə...

O yollar, o ev-eşiklər, kitabxanalar, teatrlar, məscidlər – bərpa edilə bilən nə varsa bərpa ediləcək ancaq haqsızca məruz qaldığımız müharibənin yaddaşımıza, ömrümüzə vurduğu ağır yaralar sağalacaqmı?

Uğursuz dövlətin ağılsız siyasi-hərbi rəhbərliyi anlamadı ki o yollar bundan sonra həm də tarixə, yaddaşa aparacaq...

O evlər qurulacaq, şəhər abadlaşacaq, o evlərdə doğulan körpələr şəhidlərin, qəhrəmanların adları ilə böyüyəcək, Qarabağ yaddaşı ilə dirçələcək...

O kitabxanalarda yenə qaynar günlər başlayacaq və bu dəfə orada Ağdamın qara günlərini, müharibənin dəhşətlərini əks etdirən çoxsaylı kitablar da olacaq...

O teatrlarda necə dram əsərləri oynanacaq, necə şahanə səhnələr olacaq, qalib ölkənin qüruru sənətin estetik dəyərləri ilə universallaşıb dörd tərəfə yayılacaq dalğa-dalğa...

O məscid yenə azan səsi ilə oyanacaq, yenə dua yeri, alxış ünvanı olacaq, hər cümədə, hər duada şəhidlər yad ediləcək...

Bütün hallarda biz itirdiklərimizin üzərində yeni gələcək inşa edərkən, ermənilər qazandıqlarının bədəlini ödəyə-ödəyə, etibardan, vəfadan, dostluq-qonşuluqdan yoxsun şəkildə sürüncək...

Ağdam. 2021-ci il... Burası dünya tarixşünaslığı üçün əsl təcrübə yeridir: “Bir vəhşi qəbiləni qədim dövrlərdən XX-XXI yüzilə dartıb gətirmək mümkün olsaydı, onlar bir ağeyvanlı abad şəhərdə necə davranardı?” sualının cavabını ermənilər tarixçilərin, etnoqrafların, sosioloqların, daha necə elm, sənət adamının “menyu”sünə “bəxş edib”...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

BAYRAĞIMIZ UCA OLSUN!

Visiontv.az