Nobelçinin arzusu və tövsiyyələri...
Nobelçinin arzusu və tövsiyyələri...
07.12.2021 Bəybala Mirzəyev Tərəfindən

“Arzu etmişdim ki, Şuşada namaz qılım”

Bu gün mətbuat nümayəndələrimiz üçün brifinq verən Nobel mükafatçısı, qardaş Türkiyədən olan və ABŞ-da yaşayan biokimyaçı professor Əziz Sancar bir sıra önəmli fikirlər səsləndirib. Dərindən düşünməli olduğumuz fikirlərdir.

“Mənim üçün Qarabağ Zəfəri Türkiyənin Qurtuluş Savaşından sonra türk dünyasının ən önəmli qələbəsidir. 44 gün ərzində gecə-gündüz müharibə ilə bağlı məlumatları izlədim.

Şuşa səfərim ən yadda qalan oldu. Şuşa Azərbaycanın Mədəniyyət Şəhəri adlanıb. Mən arzu etmişdim ki, Şuşa azad olunsun ora gedib namaz qılacam. Şükürlər olsun ki, bu arzuma çatdım.

Şuşaya gedərkən gördüklərim yunanların Anadoludan geri çəkilərkən etdiklərini xatırlatdı. Bu vəhşiliyi insan etməz. Qarabağda ayaqda duran, yıxılmayan, dağıdılmayan bir bina görmədim. Bu insanlıq üçün dəhşətdir. Bu qədər nifrət hardan gəlir?
Torpaqlar işğaldan azad olundu. Əgər bilikli olmasan, xarici qüvvələrin etdiklərinə qarşı çıxmaq olmaz və onların istədiklərini edərsən. Təməl biliklərə hər şeydən əvvəl üstünlük verilməlidir.

Türk dünyası güclü olarsa, nə masada, nə də meydanda məğlub olar.

Türk dünyası bilik və bacarıqların inkişafına nə qədər çox sərmayə yatırsa, nə müharibədə uduzar, nə də qazanılan zəfəri müzakirələr zamanı əldən çıxarar.

Son 5 ildir əlimdən gəldiyi qədər bütün türk dövlətlərini ziyarət edirəm, rəsmilərlə görüşürəm və onları elmə böyük sərmayə qoymağa çağırıram.

Texnologiyadan əlavə, peşəkar kadrların yetişdirilməsi də çox vacibdir. Silah və ya digər hərbi texnikaları pulla satın almaq olar. Lakin onlar sıradan çıxsa peşəkar kadr olmasa yarı yolda qalarsınız.

Eyni zamanda, tam müstəqil və haqqımızı deyə biləcək səviyyəyə çatmaq üçün təməl biliklərə böyük sərmayə qoyulmalıdır.

Dünya səviyyəsində bir laboratoriya qurmaq 5-10 il vaxt alır. Amerikada qurduğum laboratoriyanı Türkiyəyə daşımaq mümkün deyil.

Türkiyəyə gəlib sıfırdan başlamaq isə mənim 10 il vaxtımı alar. Bu da 80 yaş edir. Bu yaşda olan bir insandan yeni bir bilim gözləmək çətindir.

Azərbaycanlı alimlərlə işbirliyi etmək planım yoxdur. Azərbaycandan hansısa tələbə onunla işləməyə gəlmək istəsə, çox xoşbəxt olar".

Bəybala Mirzəyev

Visiontv.az