Niderlandda Vətən müharibəsi şəhidlərinin xatirəsi “Səssiz yürüş”lə anılıb
27.09.2021

Niderlandda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilir. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar və “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyalarının birgə təşkilatçılığı ilə Vətən müharibəsində Şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsinə ehtiram olaraq, Haaqa “Sülh Sarayı”nın qarşısından Azərbaycan səfirliyinin qarşısınadək “Səssiz yürüş” keçirilib.

Visiontv.az xəbər verir ki, 27 sentyabr- Anım Günü ilə əlaqədar təşkil olunmuş “Səssiz yürüş”də Niderland- Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv assosiasiyaların nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Əllərində 44 günlük Vətən müharibəsi şəhidlərinin portretləri və “27 sentyabr-Azərbaycanda xatirə günü”, “Azərbaycanda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin anım günü”, “Şəhidlər-sizi unutmaycağıq” kimi plakatlarla Haaqa “Sülh Sarayı” qarşısındakı meydana toplaşan yürüş iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra yürüş iştirakçıları bu şəhərdəki səfirliyimizə doğru irəliləyiblər. Səfirliyin qarşısında şəhidlərimizin portretləri önünə gül dəstələri qoyulub və onların xaitərsinə şamlar yandırılıb.

Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva, “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının rəhbəri Firəngiz Bağırova, eləcə də şəhid ailələrinin üzvləri çıxış ediblər. Şəhidlərimizin qəhrəmanlığı ehtiramla xatırlanıb. Vətən uğrunda canlarını qurban verən igid Azərbaycan oğullarının qəhrəmanlığından, rəşadətindən danışıblar.

Bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz qətiyyətlə vuruşaraq, torpaqlarımızı azad etdi. Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu düşmənin bütün sədlərini darmadağın etdi.