Neftçalada YAP-ın yaradılmasının 29-cu ildönümü qeyd olunub
21.11.2021

Neftçala rayonunda 1992-ci il 21 noyabrında yaradılan Yeni Azərbaycan Partiyasının 29-cu il dönümü  ilə əlaqədar olaraq tədbir keçirilib. Visiontv.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və YAP-nın fəalları iştirak edib.

Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad edilib və ağacəkmə aksiyası təşkil olunub.

Azərbaycan Dövlət Himni səslənib, Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov YAP-ın yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edərək, 29 il bundan əvvəl yeni müstəqilliyinə qovuşan Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu:

“Azərbaycan vətəndaşları əmin idi ki, cəmiyyətimizin özünə qayıdışının təmin edilməsi qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər. Bu da Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etməkdən ibarət idi. Buna görə də 29 il bundan əvvəl YAP-ın təsis olunmasını Azərbaycan cəmiyyəti, əslində, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranan böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, YAP yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində mühüm nəticələr əldə olundu. Bu strategiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Neftçala RİH başçısı YAP-nın üzvlərini, fəallarını təbrik edib və onlara uğurlar arzulayıb.

Tədbirin sonunda bir qrup YAP üzvü Fəxri Fərman ilə təltif olunublar.