NATO Rusiyanın artıq dalana dirəndiyini, çıxış yolunun olmadığını yaxşı bilir
15.01.2022

Rusiyanı elə bir bataqlığın içərisinə çəkiblər ki, hərəkət etdikcə daha da batır. Geriyə yolu qalmayan Rusiya bunu açıq şəkildə deyir və özünü dik tutmağa çalışır.

Hal-hazırda vəziyyət elədir ki, son danışıqlardan sonra müharibə qaçılmaz kimi görünür. Bundan qaçmaq üçün son həmlələr edilir. Sonra nə olacağı maraq doğurur. 

Hesab etmək olar ki, vəziyyət Rusiya üçün kritikdir, bu mənada ki, son sözünü demiş Rusiyanın geri çəkilməsi məğlubiyyətə bərabər olacaq. Bu baxımdan nəticəsi nə olursa-olsun dediyini etməkdə qərarlı görünür. 

NATO Rusiyanın artıq dalana dirəndiyini, çıxış yolunun olmadığını yaxşı bilir və onu təhrik etməyə davam edir. Məqsəd odur ki, Rusiya Ukrayna ilə uzun müddətli müharibəyə girsin, sanksiyalar tətbiq edilsin, rus əsgəri ölsün, Rusiya daxilində narazılıqlar artsın və Putin bu narazılıqları da güc yolu ilə yatırmağa başlasın. Bu da regionların ayrılmasına səbəb olsun müəyyən müddətdən sonra. 

Rusiya bu ssenarini yaxşı bilir. Burda mürəkkəb bir şey yoxdur. Məsələ ondadır ki, Rusiyanın bu ssenari ilə hərəkət etməkdən də başqa yolu yoxdur. Ya uzun müddət məğlub durumda sözündən geri durmalıdır, hansıki bu da sonda eyni nəticəyə gələcək, ya da indiki kimi NATO ilə qarşılaşıb eyni nəticəyə gələcək.  

Bataqlıq Rusiyanı içinə çəkir!

Siyasi şərhçi Azər Qasımov

Visiontv.az