“Narkotiklərlə mübarizə üzrə” dövlət proqramı…-Jalə Mütəllimova
“Narkotiklərlə mübarizə üzrə” dövlət proqramı…-Jalə Mütəllimova
30.06.2021 Jalə Mütəllimova Tərəfindən

…Azərbaycanda bu barədə düşünməyin vaxtıdır…

Bu günlərdə Sumqayıt şəhərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib. Qeyd edək ki, DİN-in rəsmi məlumatına görə şəhərdə bir neçə belə əməliyyat keçirilib. Narkotiklərin satışında günahkar bilinən, bir ailənin ana və qızdan ibarət iki üzvü, Qəmər Cəfərova və Sədat Cəfərova saxlanılıb.

***
Evimiz Bakı şəhəri Səbayel rayonu ərazisində, Bayıl qəsəbəsindədir. Gündəlik tələbat malları üçün özüm və ya ailə üzvlərimdən biri, əsasən 16 yaşlı olğum 20-ci sahədəki iri ticarət mərkəzinə getməli olur. Bunun üçün Salyan şosesi adlanan yerdən, çoxu gecəqonduya bənzər evlərin yanından, iç məhlələrdən, dar dalanlardan keçirik.  Dəfələrlə ara yollarda dəhşətli mənzərəyə şahid olmuşuq. İstifadə olunmuş narkotik maddə qalıqları, şprits, rezin va ya küçəyə yıxılıb qalmış gənc qız. Ona “mal” vurub qaçan “qaranlıq” adamlar, hətta mal alıb, mal satan dəllallar görürük. Ağrıdan qışqıran, narkotik tapa bilməyən yeniyetmə. Siqaretinin filterinə qara kömür dolduran, yeniyetmə. Əlində həbb, qadınlı, kişili, oğlanlı, qızlı, hətta yeniyetmələri belə özünə hədəf seçmək üçün müşahidə aparan peşəkar narkotik dəllalı olan, cinbala gədələr. Bir sözlə hədəf gənclərdir, yeniyetmələrdir. Hədəf gələcəkdir.  Düzü bir dəfə az qala özüm belələrinə hədəf olmuşdum qaranlıq dalanda. Ardımca çox böyük ehtimal pulqabı üçün gələn, qolu, üzü yara tökmüş, qaşınan iki gənc əyilib yerdən kəsək götürdüyümü görən kimi, qaçmağa üz qoydular. Ancaq hər kəsdə ekstremal situasiyaya reaksiya belə, adekvat və ya özünümüdafiəyə hazırlıq formasında olmur. Hər narkoman da adama hücumdan bel tez qaçmır. Məsələn, bəzən soyuq silahla hədələyir, hətta odlu silaha keçənlər də olur. Bəzən müqavimət görənlər, hücumu seçir, qaçmağı yox, çünki o zəhəri almağa nə yolla olur olsun pul əldə etməlidir.  İndi sual yaranır, insanlar bu ekstrimi yaşamağa borcludurmu?  Məncə deyillər! Düzü artıq o məhəllədən  övladımı mağazaya yollamaqdan qorxuram. Son dərəcə zəruri olmasa, heç yollamıram və ya əsasən özüm gedirəm.  Təklifim o ki, artıq ciddi şəkildə dövlətli, vətəndaşla bu  “ağ ölümə” müharibə elan etməyin zamanıdır.  Sumqayıtda əməliyyat keçirənləri elə bu yazı ilə Səbayelə rayonuna, Bayıla, 20-ci sahəyə dəvət edirəm. Ən azından bir dövlət yumruğu endirə bilərlər bu mənzərəni bir az qarışdırmaq üçün.

***
Düzü onu da başa düşürəm. Dünyada qarşısıalınmaz, cinayət tərkibli, böyük qazanclı qara biznesdir narkotik alveri. Amma bir də orası var ki, minlərlə gəncin həyatını qaraldır, gələcəyini korlayır narkotiklər. Və bu azmış kimi, artıq məktəb yaşılı uşaqlar, gənc, yeniyetmə balalar, yaraşıqlı oğlanlar, qızlar, hətta yaxşı ailələrin övladları hədəfdir. Bunun bir səbəbi də odur ki, təsir imkanlarımız yetərli deyil. İkinci məsələ də bu ki, ziyan vurmaq istəyənlər , bəlli boşluqlara dolur. Polis, prokurorluq, təhlükəsizlik orqanlarındakı aidiyyatı şöbələr, kim nə edərsə etsin, fəaliyyətin üstündə  dövlət əli, dövlət nəzarəti yoxsa, proses daha da inkişaf edəcək. Bunun üçün gərəkən bir şey var bu  Azərbaycanda  təxirə salınmadan “Narkotiklərlə Mübarizə Üzrə” dövlət proqramı hazırlanmalıdır.  Bəzi istiqamətlər araşdırılmalıdır. Məsələn, bu yöndə maarifləndirmə işi aparan, layihə həyata keçirən nə qədər QHT mövcuddur? Onlar hansı fəaliyyət göstəriblər? Bu istiqamətdə QHT sektorunda mövcud layihələrə nə qədər vəsait ayrılıb və hansı real iş görülüb? Görülməyibsə, səbəbi nədir? Görülübsə, hansı hesabatlar mövcuddur? Dövlət qarşısında hər hansı məsələ qaldırılıbmı? Bundan başqa mövzuya ölkə KİV-lərində rəsmi xəbərlərdən başqa hansısa maarifçilik xarakterli veriliş, reportaj, müsahibə, video çaxrlar, filmlər hazırlanıbmı? Ümumiyyətlə, bu zərərli vərdişlərə marağı azaltmaq üçün bir səbəb də gənclərin asudə vaxtının düzgün təmin olunmamasına bağlıdır. Azərbaycan dövləti gənclər ideologiyasının tərkibi olan asudə vaxtın təşkili işi ilə bağlı hansı addımları atmağa hazırlaşır? Əgər bu haqda konkret işlər barədə maarifləndirici və ya yönəldici piar işi aparılırmı? Aparılmırsa, hansı səbəbdən? Yəni suallar çoxdur. Sadəcə neçə vaxtdır özümüzə veririk, indi yazıya çevirdik. Bəlkə rəsmi dövlət qurumları bu durumu görüb, anlamağa çalışdı. Bəlkə ölkə bu istiqamətdə nəhayət ki, “ölü nöqtədən” dəbərdi.  Çünki bu gün bilərək və ya bilməyərəkdən narkotiklər, ziyanlı vərdişlərə aludə olan gənc həm də Azərbaycanın gələcəyi, genefondudur.  Damarlardan axan sağlam qanı bilərəkdən, diqqətsizlikdən, kimlərinsə daha çox qazanmasını təmin etməklə, saxta monotorinq və hesabatlar hazırlamaqla niyə korlayaq axı?! Məncə düşünməyə dəyər…

Visiontv.az