Narazı vətəndaş kütləsinin yaranmasının əsas səbəblərindən biri kiçik “şah”lardır - Müşfiq Məmmədov
Narazı vətəndaş kütləsinin yaranmasının əsas səbəblərindən biri  kiçik “şah”lardır - Müşfiq Məmmədov
10.03.2021 Müşfiq Məmmədov Tərəfindən

Qanun şahdır, şah qanun deyildir. Hər kiçik idarənin rəisi özünü şah sayır.

Cəmiyyətimizdə narazı vətəndaş kütləsinin yaranmasının əsas səbəblərindən biri  kiçik “şah”lardır. 

Müharibə sonrası, cəmiyyət və dövlət olaraq əsas enerjimizi belə “şah”larla mübarizəyə sərf etməliyik.

Ölkədə islahatlar və kadr dəyişikləri gedir. Bu dəyişiklər cəmiyyət tərəfindən müsbət qarşılanır. Xüsusən də gənclər gələcəyə ümidlə baxmağa başlamışdır. Hər hansı bir dəyişiklik inkişafdır. İslahatların nəticəsini yaxın zamanda görəcəyimizdən əminəm.  Yetər ki, yuxarılarda başlayan islahatları cəmiyyətin ən aşağı təbəqələrinə çatdırmalı olan, iyerarxiyanın aşağı və orta pillələrində duran kiçik və orta məmur zümrəsi badalaq vurmasın.

Bu məmur ordusunun öz çalışma medotu vardır. Dövlət qanunlarında olan boşluqları tapmaq və şəxsi xeyirlərinə uyğunlaşdırmaq istedadları danılmazdır. İnkar edilməyəcək qədər güc sahibidirlər. Birləşdikləri zaman göstərə biləcəkləri gizli dirənişlə istənilən dövlət əhəmiyyətli proyekti sabotaj edə bilərlər.

İdarəetmə sistemindəki bu cür "unikallığı" nəzərə alaraq düşünürəm ki, islahatların yuxarıdan aşağıya doğru aparılması sürətli və effektli olmalıdır. Ölkə başçısının dəfələrlə xəbərdarlıq etdiyi 5-cı kolonun görünməyən icraçı dayaqları məhz bu zümrə arasında gizlənmişdir. Onların ifşa olunaraq neytrallaşdırılması vacibdir. Əks halda islahatların sabotaj edilməsi və ya effektsiz olması riski vardır.

P.S. Məmurlar xalqla dövlətin  arasında güvən həlqəsinin inşasında mühüm rol oynayır və bu rol güclü dövlət quruculuğunda layiqincə dəyərləndirilməlidir.

Visiontv.az