Müharibənin davamı iqtisadi müstəviyə keçir - politoloq Ərəstun Oruclu
Müharibənin davamı iqtisadi müstəviyə keçir - politoloq Ərəstun Oruclu
02.12.2020 Ərəstun Oruclu Tərəfindən

İndi ölkəni, onun iqtisadiyyatını bərpa etmək, pandemiyadan maksimum qorunmaq mərhələsi gəlir. Üstəlik də bütün çətinliklərə baxmayaraq azad edilmiş torpaqlarda həyat bərpa olunmalıdır. Sonuncu bizim üçün prioritet olmalıdır, çünki müharibənin davamı iqtisadi müstəviyə keçir.

Qarabağa qayıdan azərbaycanlılar layiqli həyat qurmalı və yaşamalı, şəhidlərin canı-qanı bahasına azad edilmiş o torpaqları cənnətə döndərməlidir. Biz bunu bacaracağıq. Bunun üçün Azərbaycan insanına mane olmamaq kifayətdir, qalanını özü edəcək.
Bir azdan sonra ermənilərin dünyadakı havadarları onlara hərtərəfli dəstək verməyə başlayacaq, bizim isə bu mənada dostlarımız azdır. Daha doğrusu, çox azdır və gümanımız da əsasən özümüzədir. Çətin iş deyil. O boyda çətinliklərə baxmayaraq əl-ələ verib belə bir müharibə nümunəsi göstərmiş xalq üçün bu, heç nədir.

Azərbaycanın müharibəsi isə, əvvəllər də yazdığım kimi, həqiqətən dünya hərbiyyəsinin konseptini dəyişdi. ABŞ, Rusiya, Britaniya kimi hərbi baxımdan aparıcı ölkələr Azərbaycan ordusunun savaşının ardınca modern texnoloji müharibə mərhələsinin yetişdiyindən və buna hazır olmağın vacibliyindən danışmağa başladılar.

Bu isə artıq həm də Azərbaycan ordusunun yazdığı şanlı tarixdir və onu heç kəs heç vaxt dəyişə bilməyəcək.

Digər bir vəzifəmiz isə şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğının göstərilməsidir. Onlar bu xalq, bu ölkə uğrunda canlarını fəda elədilər və demək, bizim də onlara can borcumuz var.

Visiontv.az