MM-nin komitə iclasında məktəblərdə təhlükəsizlik məsələsi qaldırılıb
04.11.2022

“Bəlkə də Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərinin ilk üçlüyündədir”.

Visiontv.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, o cümlədən də məktəblərimizin o qədər qorunmasına ehtiyac yoxdu: “Sadəcə olaraq məktəblərdə nizam-intizamın qorunması, dövlət əmlakına ziyan vurulmaması və s ilə bağlı işlər görülür. Azərbaycan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulub və buna uyğun olaraq da qanunlarımızı buna uyğunlaşdırmalıyıq. Amma bunu milli qanunvericiliyə uyğun şəkildə etməliyik. Azərbaycan dövləti hər zaman bu prinsipdən çıxış edir”.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi olması fikri ilə razıdır: "Amma bir neçə gün əvvəl məktəblərin təhlükəsizlik məsələləri ilə bağlı bəzi hadisələr baş verib. Ona görə də bu sahəyə diqqəti artırmaq lazımdır". Deputat Etibar Əliyev isə məktəblərin ətrafında təhlükəsizliyin təmininə diqqətin artırılması məsələsini qaldırıb.

Qeyd edək ki, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, cinsi zorakılığa görə məhkum edilənlər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

APA