MM komitə sədri tələbələrin elmi tədqiqatlara cəlbi üçün vəsait ayrılmasını təklif edib
10.11.2022

“Davamlı inkişafı təmin edəcək mütəxəssislər hazırlanmalıdır. Davamlı inkişaf üzrə fəaliyyət planını isə biz hələ də hazırlayıb hökumətə təqdim edə bilməmişik”.

Visiontv.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, burada əsas problem maliyyədir: “Digər məsələ isə elmlə bağlıdır. Strategiyada elm və təhsilin inteqrasiyası nəzərdə tutulur, amma tələbələrin ilk gündən elmi tədqiqatlara cəlb edilməsi üçün vəsaitlərin ayrılması məsələsi hələ də açıq şəkildə qalmaqdadır. Azərbaycan xaricdə doktorantların hazırlanması üçün külli miqdarda vəsait ayırır. Amma Azərbaycanda bu istiqamətə nə qədər vəsait ayırırıq? Azərbaycanda yüksək keyfiyyətə malik laboratoriyalar olmalıdır. Bunun üçün büdcədə müəyyən məqamlar göstərilməlidir. Pul ayrılır, xərclənir. Amma Hesablama Palatası araşdırmalar nəticəsində müəyyən edir ki, bu vəsaitlər təyinatı üzrə xərclənməyib. Dövlət proqramlarının nəticələri hər il büdcədə qiymətləndirilməlidir. Çünki növbəti dövlət proqramları əvvəlkinin üzərində qurulur. Dövlət proqramları qarşıya oyulan nəticəyə çatmırsa, növbəti dövlət proqramından da nəticə gözləmək olmaz. Ona görə də büdcədə bunlar nəzərə alınmalıdır”.

APA