Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə Beynəlxalq Ana dili Günü münasibəti ilə tədbir keçirilib
Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə Beynəlxalq Ana dili Günü münasibəti ilə tədbir keçirilib
21.02.2023 Qənirə Paşayeva Tərəfindən

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Binəqədi rayonunda yerləşən 300 saylı tam orta məktəbdə Komitənin təşəbbüsü ilə 21 fevral – Beynəlxalq Ana dili Günü münasibəti ilə keçirilən tədbirdə çıxış edib.

Visiontv.az xəbər verir ki, tədbirdən öncə məktəbin şəhid məzunlarının güşəsi ziyarət olunub, məktəbə adı verilmiş şəhid Vüqar Əvəzovun büstü önünə güllər düzülüb. Bütün dövrlərdəki şəhidlərimizin və qardaş Türkiyədə bu il fevralın 6-da baş vermiş dəhşətli zəlzələdə həlak olan qardaş-bacılarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan məktəbin direktoru İradə Xəlilova təhsil ocağının keçmişi, bugünkü uğurları haqqında yığcam bilgi verib: “Vüqar Əvəzov adına 300 saylı tam orta məktəb ötən il 90 illik yubileyini qeyd edib. 1932-ci ildə yaradılmış təhsil ocağının binasından II Dünya müharibəsi illərində hərbi hospital kimi istifadə olunub.

2018-2019-cu ildə Dövlət proqramına uyğun olaraq 640 yerlik yardımçı korpus əsaslı təmir olunub, 2019-2020-ci ildə yeni 960 yerlik əsas bina tikilərək istifadəyə verilib.

“Bilik günü”ndə məktəbin açılışını Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva edib.

Məktəbdə  139  nəfər pedoqoq,   24 texniki işçi çalışır. 77 sinifdə  2352  şagird, 5 məktəbə hazırlıq qrupunda 122 uşaq təhsil alır.

Təhsil ocağı 2001-ci ildən şəhid Vüqar Əvəzovun adını daşıyır.

Vüqar Məmmədağa oğlu Əvəzov 10 iyul 1973-cü ildə Bakı şəhəri Biləcəri qəsəbəsində anadan olub. O, bu məktəbin şagirdi olub. 1992-ci ilin yanvarında Daxili Qoşunların hərbi hissəsində hərbi xidmətə yollanıb, həmin ilin noyabrında Daxili Qoşunların tərkibində cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib. Ürəyi Vətən sevgisi ilə döyünən Vüqar, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə öz sücaəti ilə seçilib. 1993-cü il yanvarın 4-dən 5-ə keçən gecə Laçının Təzəkənd kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ruhu şad olsun”!

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva öz şəhid yetirməsinin adını daşıyan məktəbdə olmaqdan, özü də Beynəlxalq Ana dili Günü kimi önəmli bir gün səbəbi ilə keçirilən kitab aksiyasında bir araya gəlməkdən şad olduğunu bildirib. Bu il şəhid Vüqar Əvəzovun anadan olmasının 50, şəhidliyinin 30-cu ildönümü olduğunu vurğulayan Komitə sədri məktəbin müəllim və şagirdlərinin əldə etdiyi uğurlarla şəhid məzunlarının ruhunu şad etdiyini deyib.

Q.Paşayeva vurğulayıb ki, tədbirin gedişində 300-dən çox təhsildə fərqlənən məktəblilərə kitab hədiyyə ediləcəkdir.

“Heydər Əliyev İli”ndə təşkil olunan bu tədbirin önəminə  vurğu edən Komitə sədri, kitab bağışı aksiyasının Beynəlxalq Ana dili Gününə də, Ümummilli liderin təhsilə, dilə, maarifə, ədəbiyyata, mədəniyyətə verdiyi böyük önəmə də minnətdarlığın, sayğının ifadəsi olduğunu söyləyib: “Ümummilli liderimiz Heydər Əliyev tariximizə, ana dilimizə, ədəbiyyatımıza, mədəni irsə həmişə böyük diqqət-qayğı ilə yanaşıb və bu günkü tədbir də məhz xalqımızın dəyərlərinə, o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış böyük şəxsiyyətə dərin ehtiramın ifadəsidir. İkinci ayını yaşadığımız 2023-cü il ən yeni tariximizə “Heydər Əliyev İli” kimi düşəcək. Bu hər birimizin üzərinə mənəvi məsuliyyət qoymaqdadır.

Biz çox şadıq ki, Ümummilli liderimizin 100 illik yubileyini Zəfər qazanmış ölkənin qürurlu vətəndaşları olaraq qeyd edirik. Əlbəttə, şəhid məzununun adını daşıyan məktəbin müəllimləri, şagirdləri üçün tarixi Zəfərin dəyərini xüsusi izah etməyə ehtiyac yoxdur.
Biz “Heydər Əliyev İli”ndə məhz yeniyetmə və gənclərimizlə görüşlərin keçirilməsi, kitab bağışı aksiyasının təşkili çox məntiqəuyğun bilirik. Ümummilli liderimiz həmişə milli tarixə, mədəni irsə yüksək sayğı, diqqət və qayğı ilə yanaşıb. Ümummilli liderimiz deyirdi: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” – bu qiymətli sözlər də Ümummilli liderimizə aiddir.

Bəli, dil – millətin mənəviyyat bayrağı, milli mənliyin fövqəladə önəmli faktorudur.

Minillərin sınağından, yadellilərin təzyiqindən, yabançı axınlardan qalib çıxan, bu günümüzə qədər saflığını, təmizliyini, zənginliyini qoruyaraq gələn dilimiz - Azərbaycan dili haqqında düşünərkən gözümüz önündə Dədəm Qorqud, Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Aşıq Ələsgər, Üzeyir bəy Hacıbəyli, Mirzə Cəlil, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, Səməd Vurğun, Şəhriyar canlanır. Bunlar Azərbaycan söz sənətinin, dil xəzinəmizin çox dəyərli inciləridir. Əlbəttə, dilə, ədəbiyyata, mədəniyyətə böyük xidməti keçmiş şəxsiyyətlərin, sənətkarların siyahısı uzundur. Azərbaycan ədəbi dilini yaradanların, yaşadanların hər birinə borcumuz, sayğımız sonsuzdur.  İstər adını çəkdiyimiz klassiklərin irsinə, elə ana dilinin özünə münasibətdə Heydər Əliyevin xidmətləri böyük və müstəsnadır.

Hələ 1969-cu ilin iyul ayında respublikamızın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir neçə aydan sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söylədi. Həmin dönəmdə belə bir addım böyük cəsarət, hünər istəyirdi. Millilik, soykökə bağlılıq örnəkləri yaratmış Heydər Əliyev o tarixi günü 25 ildən sonra, Universitetin 75 illiyinə həsr edilən toplantıda belə xatırlayırdı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər”.

Ümummilli lider o dönəmdə respublikamızda keçirilən digər tədbirlərdə də doğma dilimizdə danışmaqdan çəkinmirdi. Bununla da, illər uzunu sıxışdırılan ana dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi örnəyi ilə milyonlarla insanın könlündən keçənlərin ifadəçisinə çevrilir, haqq sözünü deyir, dilimizin ən ali qata layiq olduğunu açıqlayırdı.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. Azərbaycan mədəniyyətinin inkişafına, milli mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına böyük önəm verən, qayğı ilə yanaşan Ümummilli liderimiz kitaba, kitabxanaya da daim böyük dəyər verirdi.
Prezidentin “Heydər Əliyev İli” ilə bağlı sərəncamında da vurğulandığı kimi, Ümummilli liderimizin zəngin həyat yolu, müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Beləliklə, indiki və gələcək nəsillərin üzərinə düşən mənəvi öhdəlik də, Azərbaycanı Ümummilli liderimiz kimi sevməyi öyrənmək, Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə onun yolundan gedərək xidmət etməkdir.

Çıxışımın sonunda, bu anlamlı aksiyanın – orta məktəblərə kitab bağışı kampaniyasının bütün dəstəkçilərinə, əlbəttə, könül dolusu təşəkkür edirəm!

Milli Məclisin Mədəniyyət Komitəsi oxuya, kitaba xidmət edən aksiyalara həmişə mənəvi dəstək verib, bu, gələcəkdə də belə olacaq. 300 saylı məktəbdə gördüyümüz gözəl, örnək mühit bizi belə aksiyalara bir daha ruhlandırır, yeni aksiyalara sövq edir.
Hər birinizə təşəkkür edirəm”!

Qənirə Paşayevanın və tədbirdə çıxış edən digər natiqlərin – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov, “UNİTY Companiy”in təsisçisi Fikrət Əliyev, çıxışında məktəbə, təhsilə, maarifə, kitaba və kitabxanalara Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət-qayğısından, Azərbaycan xeyriyyəçilik ənənəsinin yeni keyfiyyət və məzmunda yaşadılmasından söz açılıb.

Məktəbin şagirdləri Beynəlxalq Ana dili Günü münasibətiylə öz maraqlı çıxışları ilə tədbirə rəng qatıblar.

Tədbirin sonunda MM Mədəniyyət Komitəsi,  “UNİTY Companiy” adından məktəbin təhsildə 300-dən çox fərqlənən şagirdlərinə kitablar hədiyyə edilib.