Millətimizin xadimləri
21.05.2022

Qəfil ölümlərin bizi tez-tez üşəndirdiyi son iki gün (19-20 may) həm də tariximizdə dərin iz buraxmış iki müqtədir millət xadimimizin anım və doğum günləri kimi xatırlanır.

Əhməd Ağaoğlu və Salman Mümtaz hər biri öz-özlüyündə bütöv bir Azərbaycan olub. Bu insanlar bütün varlıqları ilə Azərbaycan üçün yaşayıblar, millətimizə xidmət ediblər.  

Əhməd Ağaoğlu həm Azərbaycanın, həm də Türkiyənin ictimai-siyasi xadimi olub. O, istər Azərbaycan Xalq Cümhuriyyətinin, istərsə də Türkiyə Cümhuriyyətinin qurulmasında yaxından iştirak edib. 

Bu böyük ziyalımız siyasətçi, jurnalist, pedaqoq, yazıçısı, türkoloq, islamşünas kimi fəaliyyət göstərməklə yanaşı, eyni zamanda Mustafa Kamal Atatürkün ən yaxın silahdaşlarından biri olub. Təsadüfi deyil ki, Əhməd Ağaoğlu "liberal Kamalizm" ideoloji xəttinin banisi sayılır. 

Dövrün Qərb intellektualları ilə eyni səviyyəyə malik olan bu böyük maarifçimiz Azərbaycanda ümmətçiliyin türkçülük ideyaları ilə əvəz olunmasında və cəmiyyətin maariflənməsində əvəzsiz xidmətlər göstərib. 

Əhməd Ağaoğlu "Difai"nin qurulmasında və azğın erməni millətçilərinin cəzalandırılmasında mühüm rol oynayıb. Ermənilər 1992-ci ilin mayında Şuşanı işğal edəndə qisas əlaməti olaraq Əhməd Ağaoğlunun ata ocağını da dağıdıblar. 

Ümid edirik ki, Ə.Ağaoğlunun ata ocağının yerində onun ev muzeyi yaradılacaq və heykəli qoyulacaq. Bu, erməni faşizminə də ən layiqli cavablarımızdan biri olardı. 

Əhməd bəy 19 may 1939-cu ildə dünyasını dəyişib.

***

20 may 1884-cü ildə dünyaya göz açan məşhur ədəbiyyatşünas, mətnşünas və biblioqrafımız, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz da Əhməd Ağaoğlu kimi həddindən artıq fədakar millət xadimi olub. 

Maddi baxımdan kifayət qədər imkanlı bir şəxs olan S.Mümtaz bütün var-dövlətini sərf edərək Azərbaycan ellərini qarış-qarış gəzib, saysız-hesabsız insanlarla görüşüb, folklor nümunələrini və qədim əlyazmalarını toplayıb və onları tədqiq edib. 

Ana dilimizlə bərabər fars, ərəb, rus və urdu dillərini dərindən bilən S.Mümtaz klassik şairlərimizin əsərlərini və aşıq poeziyamızın nümunələrini nəşr etdirib. 

Mənfur Stalinin idarə etdiyi bolşevik-sovet rejimi Salman Mümtaz kimi öz xalqının maariflənməsi üçün can yandıran ictimai xadimlərə düşməncəsinə yanaşırdı. Ona görə də qanlı 37-ci il repressiyasının qurbanlarının cərgəsində Salman Mümtazın da adına rast gəlirik. 

1937-ci ildə Bakıda həbs edilən S.Mümtaz 1941-ci ilin sentyabr ayında Rusiyanın Oryol şəhərində güllələnib.

P.S.
O, həbs edilərkən evindəki külli miqdarda qədim əlyazmalar, mənbələr, əsərlər də hamısı NKVD (sovet dövlətinin ilk gizli xəfiyyə orqanı) tərəfindən aparılıb, bir hissəsi məhv edilib, digər hissəsi isə ermənilər tərəfindən mənimsənilib. 

P.P.S.
Əfsuslar olsun ki, indiyə qədər Salman Mümtazın da heykəlini ucaltmamışıq. Azərbaycan Yazıçılar Birliyi (AYB) bu təşəbbüslə çıxış edə bilər.

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Bəybala Mirzəyev

visiontv.az