Mətbuat bossları sifarişsiz və pul verilməyən təşəbbüslərə niyə yaxın durmurlar?-Şöhrət El-Dəniz
Mətbuat bossları sifarişsiz və pul verilməyən təşəbbüslərə niyə yaxın durmurlar?-Şöhrət El-Dəniz
26.03.2021 Şöhrət El-Dəniz Tərəfindən

Telejurnalist Rüstəm Əbülfətoğlu status yazıb: " Hələ də gec deyil... Jurnalistlər, içtimai xadimlər və siyasi partiya liderlərinin Ağdama səfərindən sonra ATƏT, Avropa Şurası, UNESCO, Human Rights Watch və digər bu kimi beynəlxalq təşkilatlara ünvanlanmış bir neçə kollektiv bəyanatlar (ayrı-ayrılıqda) verilə bilər ki, bu da öz növbəsində dünya ictimaiyyətinin, beynəlxalq medianın diqqətini növbəti dəfə işğaldan azad edilmiş ərazilərimizin vəhşicəsinə məhv edilməsi faktına yönəltməklə, Ermənistanın mina xəritələrini təqdim etməsi üçün yeni beynəlxalq təzyiq və gələcəkdə kompensasiya ödənilməsi istiqamətində ilkin rəsmi içtimai tələb və ya ən azı növbəti mühüm faktoloji əsas kimi götürülə bilər. ‌Hərdən bəlkə özümüz də müstəqil təşəbbüslə çıxış edək? ‌‌Məncə bu məsələdə Ağdama son kollektiv səfərlərin MİLLİ iştirakçıları özgə dərdini seyr edən ƏCNƏBİ jurnalistlər, XARİCİ siyasətçi və diplomatlarından tam fərqli davranmalıdır. Axı məntiqlə hər kəsə öz meyidi daha doğma olmalıdır..."

Bu statusa Ağdama gedən bir nəfər media rəhbəri reaksiya vermədi. Amma bütün günü ərəblərin ovundan danışdılar. Hələ də danışırlar. Çünki ərəbdən danışmaq, bu məsələni gündəmə gətirmək üçün kimlərinsə pulunu alıb sifarişini yerinə yetirirlər. Amma Rüstəm Əbülfətoğlunun bu təklifini həyata keçirmək üçün onlara heç kim pul verməyəcək. Təşəbbüs göstərib vaxtlarını və 5-10 manat pullarını xərcləyəcəklər deyə səsləri çıxmadı. Və çıxmayacaqda. Gərək Prezident aparatından, Medianın İnkişafı Agentliyindən zəng gələ. Bunlar da gərnəşə, özlərini lazımlı və vacib adam olduqlarını bildirə, uzun bir smeta çıxarda və nəhayət 1 aydan sonra 1 vərəqlik bəyanat yazıb altına imza atıb, aldıqları pulu həzm edib, sonra da bir-birini ittiham edə ki, sən daha çox vəsait aldın, amma mən 2 cümlə artıq yazdım. İnandırım sizi dövlətdən tutmuş millətə qədər hamını borclu çıxardacaqlar ki, biz işləyirik siz yeyirsiniz. Məhz buna görə Rüstəm Əbülfətoğlu kimi akvaruma salınmış balinanın təklifinə fikir verən yoxdur və olmayacaq da. O vaxta qədər ki, kimdənsə pul qopartmasınlar. 
Dediyim kimi bunlar üçün Qarabağ yox, ərəbin quş ovlaması gündəmdir.  Çünki ərəbin pulundan quş ovladan da, bu ovdan yazdıran və yazan da qazanır. Qarabağ məsələsi isə namus, vicdan məsələsidir. 
P.S. Bir də bu cür təkliflərə onları ora aparanlar reaksiya verməlidir. Və konkret əməli addım atmalıdırlar. Özünü mətbuat bossu sayanlara dediyim kimi pul verməsən başını qaldırıb üzünə belə baxmayacaq.
visiontv.az