Lirik şeirləri ilə ürəkləri fəth edən nakam şairimiz Mikayıl Müşviqin doğum günüdür
Lirik şeirləri ilə ürəkləri fəth edən nakam şairimiz Mikayıl Müşviqin doğum günüdür
05.06.2023 MEDİA Tərəfindən

Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan oIub. Uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb.Azərbaycan poeziyasının inkişafında böyük rol oynayan şairlərdən biridir.Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilib. Mikayıl Müşfiq Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.

Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlib.Həyatını, taleyini şeirə bağlayıb və ömrünün sonuna kimi ondan ayrılmayıb. O, poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlayıb və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış edib.

1930-cu ildə şairin ilk “Küləklər” adlı şeir kitabı işıq üzü görüb.1932-ci il Müşfiqin həyatında məhsuldar il olmuş, "Günün səsləri", "Vuruşmalar", "Pambıq”, "Buruqlar arasında" kitabları, daha sonra bir-birinin ardınca "Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı", "Buruq adamı" əsərləri nəşr olunub. Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayıraraq, bir-birindən gözəl əsərlər yaradıb. "Şəngül, Şüngül, Məngül", "Kəndli və ilan" mənzum nağılları, "Vuruşmalar", "Qaya" poemaları, "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün" və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırıb.

Mikayıl Müşfiq yaradıcılığında bədii tərcümə fəaliyyəti də xüsusi yer tutub.1930-1937-ci illərdə onun tərcümə etdiyi Aleksandr Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birgə), Taras Şevçenkonun "Kobzar" (Əhməd Cavadla birgə), Yegişe Çarensin "Şeirlər", Samuil Marşakın "Huşsuza bax, huşsuza", Mirzə Fətəli Axundovun "A.S.Puşkinin ölümünə Şərq poeması" əsərləri nəşr edilib. Bundan əlavə Mikayıl Müşfiq Mixail Lermontovun "Demon" poemasını (Rəsul Rza ilə birgə), "Qafqaz" (Mikayıl Rəfili ilə birgə), "Şairin ölümünə", "Tənha yelkən ağarı" şeirlərini, A.S.Puşkinin "Yevgeni Onegin" mənzum romanından "Tatyananın Onegenə məktubu"nu (R.Rza ilə birgə), "Poltava" əsərindən bir parçanı, "Dustaq" şeirini, Ömər Xəyyamın rübailərinin çox hissəsini, Firdovsinin "Şahnamə"sindən bəzi parçaları (Mirmehdi Seyidzadə ilə birgə) tərcümə edib, oxucuların rəğbətini qazanıb.

1937-ci ildə çapa hazırladığı "Çağlayan" kitabına şair 11 illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən "Səhər", "Azadlıq dastanı", "Sındırılan saz", "Əbədiyyət nəğməsi", "Şeirim", "Yenə o bağ olaydı", "Duyğu yarpaqları", "Tərtərhes nəğmələri", "Mingəçevir həsrəti" və digər şeir və poemalarını daxil edib. Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan "Oxu, tar, oxu tar", "Qal, sənə qurban", "Sənin gülüşlərin", "Maralım", "Ana", "Küləklər", "Yenə o bağ olaydı" və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanan sənət əsərləridir.

Bünyamin Bünyadzadə

Visiontv.az