Lavrovun son açıqlamalarına münasibətdə bəzi həmkarlarımın olduqca sərt və təhrikedici yamaşmalarının izahını tapa bilmirəm
15.01.2022

Rusiyanın son 200 il ərzində daxili və xarici siyasətinin bütün aspektlərini ən kəskin tənqid süzgəcindən keçirərək şərh edən, bu ölkənin iç üzünə yaxşı bələd olan bir media mənsubu və siyasi ekspert kimi Sergey Lavrovun son açıqlamalarına münasibətdə bəzi həmkarlarımın olduqca sərt və təhrikedici yamaşmalarının izahını tapa bilmirəm. Təsadüfi adamlarla və küyə gedənlərlə işim yoxdur, amma siyasətdən az-çox başı çıxanların “axının təsirinə düşərək” yanlış istiqamətdə hərəkət etmələrinin səbəbini anlaya bilmirəm.

Rusiyanın xarici işlər naziri, Azərbaycanda mən də daxil olmaqla mütləq əksəriyyətin sevmədiyi və etimad göstərmədiyi Sergey Lavrov, bəlkə də ömründə ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı ikibaşlı ifadələrin yer almadığı fikirlər səsləndirib. Aydın danışıb və söylədikləri də həm siyasi, həm də hüquqi aspektdən ölkəmizin maraqlarının ziddinə deyil. “Azərbaycanın xeyrinə danışırdı” yazmayacağam. Çünki Lavrovdan heç vaxt xeyir gözləməmişəm. Və təbii ki, öz mülahizələrini deyil, Rusiyanın rəsmi mövqeyini ifadə edib. Bu rəsmi mövqeyi nə qədər altına-üstünə çevirsəm də, ölkəmizin mənafeyinə zidd bircə kəlməyə də rast gələ bilmədim. 

Lavrov deyir ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinin Qarabağ bölgəsinə heç bir aidiyyatı yoxdur. Sitat: 

“Bu, sırf ikitərəfli məsələdir ki, delimitasiya və demarkasiya üzrə komissiya yaratmaq, həmçinin öz nümayəndəmizin namizədliyini bu komissiyada məsləhətçi kimi irəli sürməklə onun üzərində işləməyə başlamağı təklif edirik. Nəzərə alınmalıdır ki, Rusiya Baş Qərargahı və digər strukturlar Sovet İttifaqının formalaşması, habelə onun inzibati sərhədləri və ittifaq respublikaları arasındakı sərhəd dəyişikliklərini özündə əks etdirən xəritələrə sahibdir”.  

Lavrovun fikirlərindən yuxarıda təqdim etdiyim iqtibasdan da göründüyü kimi, Rusiyanın xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına, sərhədlərinin toxunulmazlığına zidd olan, hətta buna işarə edən hər hansı bir mülahizə irəli sürmür. Məgər Azərbayan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinin Azərbaycanın Qarabağ bölgəsinə hər hansı bir aidiyyatı var? Qarabağ, hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan digər yaşayış məntəqələri də daxil olmaqla Azərbaycan ərazisidir. Bu amil Lavrovun “Sovet İttifaqının formalaşması, habelə onun inzibati sərhədləri və ittifaq respublikaları arasındakı sərhəd dəyişikliklərini özündə əks etdirən xəritələr”lə bağlı dediklərində də özünü bürizə verir. Azərbaycan Cümhuriyyətin süqutundan sonra de-yure müstəqil dövlət kimi mövcud olub. Azərbaycan, Gürcüstan və Ermənistan 12 mart 1922-ci ildə Zaqafqaziya Sosialist Federativ Respublikasını (ZSFR) təşkil ediblər. Qısa bir zaman kəsiyindən sonra ZSFR elə həmin il yaradılmış SSRİ-nin tərkibinə daxil olub. 1936-cı ildə, yeni konstitusiyanın qəbulundan sonra, Azərbaycan, Gürcüstan və Ermənistan ayrı-ayrılıqda ittifaqı təşkil edən respublikalara çevriliblər. Və bütün bu müddət ərzində keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” (DQMV) Azərbaycanın inzibati ərazi subyektlərindən biri olub. Sergey Lavrovun haqqında söz açdığı SSRİ-nin mövcud olduğu zaman kəsiyində bu reallıq dəyişməyib. 1989-cu ilin dekabrında Ermənistan Ali Sovetinin “DQMV”-nin bu respublikaya birləşdirilməsi haqqında qərarı SSRİ konstitusiyasına zidd olduğu üçün SSRİ Ali Soveti tərəfindən ləğv edilib. 

Bütün bunları ona görə xatırladıram ki, ləğv edilmiş “DQMV”-nin inzibati ərazisinin bütün dövrlərdə Azərbaycanın tərkib hissəsi olduğu Lavrovun açıqlamalarını Ermənistanın maraqlarına uyğun olaraq yozanların nə qədər əsassız iddialardan çıxış etdiyi, bu reallığı bilməyən, yaxud xatırlamayan hər kəs üçün aydın olsun. 

Digər tərəfdən, 44 günlük müharibədə qələbədən sonra Azərbaycan öz ərazisindəki münaqişənin bitdiyini bəyan edib. Beynəlxalq birlik də məhz bu realığa istinad edərək, həmçinin Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun bir davranış sərgiləyərək, “Dağlıq Qarabağ” və “münaqişə” sözlərini siyasi leksikonundan çıxarıb. Məlum olduğu kimi, bu ifadələr Rusiyanın xarici siyasət idarəsinin rəhbərinin açıqlamalarında da yer almayıb. Sergey Lavrovun delimitasiya və demarkasiya prosesinin iki dövlətin arasında aparılması barədə söylədikləri də həm mövcud reallığa, həm də Azərbaycan və Ermənistanın suveren hüquqlarına uyğun bir yanaşmadır. Proses iki dövlətin iştirakı ilə aparılmalıdır və aparılacaq da. Qarabağ isə Azərbaycanın ərazisi olduğu üçün, bu iqtisadi rayon, eləcə də hazırda etnik ermənilərin yaşadığı və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycan əraziləri ilə bağlı bütün məsələlər müstəqil Azərbaycan Respublikasının suveren hüquqları çərçivəsinə daxildir. Əgər Lavrov bunun əksini söyləsəydi, o zaman etiraz etmək zərurəti yaranardı və bu etirazı rəsmi Bakı hər kəsdən öncə edərdi...

Qeyd edim ki, Ermənistan mediası, xüsusilə də revanşçı qüvvələrin və diasporun istiqamətləndirdiyi resurslar iki gündür ki, Rusiya xarici işlər nazirinin açıqlamalarını “top atəşinə” tutub. Özünüz nəticə çıxarın...

Siyasi sərhci Elçin Mirzəbəyli

Visiontv.az