Lavrovun səfərindən ciddi nəticələr gözləmirəm, Minsk qrupunun bərpası isə yaxşı heç nə vəd etmir - Millət vəkili
Lavrovun səfərindən ciddi nəticələr gözləmirəm, Minsk qrupunun bərpası isə yaxşı heç nə vəd etmir - Millət vəkili
07.05.2021 Nəsib Məhəməliyev Tərəfindən

Üç erməni diversantının Ermənistana təhvil verilməsi, Rusiya Xarici İşlər naziri Lavrovun regiona səfəri və Fransanın rəsmi Moskvanın əli ilə Minsk qrupunu bərpa etmək cəhdi. Bu fikirlərə aydınlıq gətirmək üçün əməkdaşımızın Milli Məclisin deputatı Nəsib Məhəməliyevdən götürdüyü qısa müsahibəni diqqətinizə çatdırırıq.

-Nəsib müəllim sizcə 3 erməni əsirinin Ermənistana təhvil verilməsinin qarşılığı nə olacaq? Bu əsirlərin geri qaytarılması Rusiyanın xahişi ilə baş tutdu yoxsa ABŞ-ın? Və yaxud 3-cü bir amil kimi minalanmış sahələrin xəritəsinin geri qaytarılması üçün bu addım atıldı?

-3 erməni əsiri yox, diversantın təhvil verilməsi, Azərbaycanın qarşı tərəfə etdiyi xeyirxah jest kimi qiymətləndirilməlidir.  Bununla ermənilərə mesaj verilir ki, uzun illərin düşmənçiliyinə son qoymaqla, xalqlarımızı qarşılıqlı sülhə hazırlamalıyıq. Düşünürəm ki, bunun ABŞ-la əlaqəsi yoxdur. Çünki, ermənilər diversantların qaytarılmasını əsasən Rusiyadan tələb edirlər. Daha çox Rusiya XİN Sergey Lavrovun regiona səfəri ilə bağlıdır. İndi növbə Ermənistanındır. Ya minalanmış ərazilərin xəritələrini təqdim etməlidirlər, ya da ki, Qarabağda qalmış silahlı dəstələrini çıxarmalıdırlar.

-Lavrovun səfərindən gözləntiləriniz?

-Lavrovun səfərindən ciddi nəticələr gözləmirəm. Ermənistanda seçkiqabağı təbliğat gedir. İki fərqli qütbləri təmsil edən siyasi qüvvələr arasında ciddi mübarizəni görürük. Lavrov Ermənistanda ağır ictimai təzyiqlərlə qarşılanır. Azərbaycana səfərindən gözləntilərə gəldikdə isə, məsələyə təkcə Azərbaycan-Ermənistan kontekstində baxmaq yox, daha geniş formatda yanaşmalıyıq.

-Rusiya və Fransanın Minsk qrupunun dirçəltmək cəhdi və yeni təkliflərinə münasibətiniz?

- Bu sahədə Fransanın səyləri daha qabarıq şəkildə özünü büruzə verir. Fransa Rusiyanın vasitəsilə Minsk qrupunun fəaliyyətini bərpa etməklə, ermənilərə bacılıq sədaqətini nümayiş etdirir. Bu dövlət beynəlxalq hüquq norma və prinsiplərini tapdalamaqla yanaşı, erməni barbarlarının törətdikləri vəhşiləri görməməzliyə vurur. Erməniləri fasiləsiz olaraq, dünyaya ən mədəni, xeyirxah, mələk simasında təqdim edir. Azərbaycana qarşı açıq düşmənçilik siyasəti aparır.
 Bizim üçün həqiqət anıdır. Düşünürəm ki, Fransanın təmsilçiliyi ilə, bərpa olunan Minsk qrupu ölkəmizə yaxşı heç nə vəd etmir. Ən pis halda, o ölkənin başqası ilə əvəzlənməsinə çalışmalıyıq.

İlahə Əliyeva

Visiontv.az